Ramin Mahmudzadə: “İKT sahəsi üzrə ixtisas seçən abituriyentlərin İnformatikadan qəbul imtahanı verməməsi anlaşılan deyil”
Bakı Dövlət Universitetinin dosenti, məktəblilərdən ibarət informatika üzrə ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, Azərbaycan proqramçılarının “atası” sayılan Ramin Mahmudzadə informatika fənninin tədrisi, fənnə münasibət və digər məsələlərlə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadəyə “Açıq məktub” ünvanlayıb.
İlk növbədə məktəblilərin XXXI Beynəlxalq İnformatika Olimpiadasının (IOI) 2019-cu ildə Azərbaycanda, Bakıda keçiriləcəyi ilə bağlı sevincini paylaşan R.Mahmudzadə belə bir olimpiadanın keçirilməsinin şagirdlərin olimpiadaya məqsədyönlü hazırlığına, Azərbaycanda olimpiada hərəkatının inkişafına və məktəb müəllimlərinin olimpiadaya şagird hazırlığı işinə maraqlarının artmasına təkan verəcəyini qeyd edib:
“Ən başlıcası isə Məktəb İnformatikasının dirçəlişinə təkan verə bilər. Bəli, bəli məhz baş hərflərlə: Məktəb İnformatikası. Heç vaxt unutmaram, ümid edirəm ki, siz də xatırlayırsınız ki, ilk Respublika İnformatika Olimpiadasını biz sizinlə birlikdə həyata keçirmişdik. Respublika Olimpiadasının qalibinin ali məktəbə imtahansız qəbul edilməsinə də biz sizinlə birgə nail olmuşduq. Bəs “İKT – bu gün və sabah” adlı ilk Ümumrusiya konfransının keçirilməsi? Respublikada ilk Kompüter düşərgəsinin təşkili? Uşaqlar PC YAMAHA-da necə maraq və təşəbbüslə işləyirdilər? Yəqin ki, bütün bunlar sizin də xatirinizdədir. Mən bu gün də sadəlövhcəsinə inanıram ki, əgər bu işlə məşğuluqsa, onda bütün bilik və bacarığımızı gənclərə layiqincə ötürməliyik. Axı İnformatikanın Azərbaycanda inkişaf etdirilməsi bizim ümumi arzumuz idi. Bəs bu gün nə baş verir? İnformatika məktəbdə ən gərəksiz fənnə çevrilmişdir. Valideynlər İnformatikanın tədrisinə etiraz edir, məktəb direktorları ona artıq fənn kimi baxırlar və informatikadan dərs saatlarını fənn haqqında heç bir təsəvvürləri belə olmayan təsadüfi müəllimlərə verirlər. Mən bunu hər ilin sentyabr ayında I kursların auditoriyasına daxil olarkən qorxu içində müşahidə edirəm”.
R.Mahmudzadə sorğu nəticəsində müəyyən edib ki, tələbələrin 95%-i informatikanı keçmir: “Əgər ali məktəbə daxil olmaq üçün bal əsasdırsa və İnformatikadan qəbul imtahanı yoxdursa, onda bu fənn doğrudan da lazım deyil. Ali məktəbdə isə biz daxil olan tələbələrin bilik səviyyələrinin çox aşağı olması səbəbindən lazımi səviyyədə mütəxəssisləri çatdırıb hazırlaya bilmirik.
Magistratura da eyni ilə – bizim magistrantlar xaricdə təhsil alanlardan çox-çox aşağı səviyyədədirlər. Çox istedadlı tələbələr isə bizim onları məhv etmək cəhdlərimizə baxmayaraq, öz səyləri nəticəsində gözəl mütəxəssislər ola bilirlər”.
Pedaqoq test sistemi haqda da fikirlərini bildirib:
“Mən test sisteminin əleyhinə deyiləm. Bu, ən yaxşı sistem olmasa da, bəzi biliklərin yoxlanması, mərkəzləşdirilməsi və kütləvi tətbiq edilməsi sistemidir. Test tapşırıqlarının cavablarını tapmaq – biliyin əsas meyarına çevrilmişdir. Bu, artıq valideyn və şagirdlərin şüuruna yerimişdir. Bunun əksi ictimaiyyət tərəfindən qəbul edilməyəcək. Ancaq İnformatika – fundamental elmdir və sizin də elmi fəaliyyətiniz İnformatika ilə bağlıdır. Bu gün məktəb informatikasının inkişafına əsas maneə ali məktəblərin qəbul imtahanlarına informatikadan sualların daxil edilməməsidir”. R.Mahmudzadə bu fənnin qəbul imtahanlarına salınmasını belə əsaslandırır:
“Təqribən 10 il qabaq sizinlə söhbətimizdə özünüz də bu fikri dəstəkləmişdiniz. Amma bəzi şəhər, rayon və kənd məktəblərinin hamısının kompüterlərlə tam təchiz edilməməsini bu işə maneə kimi göstərirdiniz. O zaman sizinlə razılaşmaq olardı. 3 il əvvəl isə siz mənə artıq bu barədə düşünməyin zamanı çatdığını və yaxın vaxtlarda riyaziyyat suallarına alqoritmlərdən 5-6 sualın daxil ediləcəyini söyləmişdiniz. Bu gün isə artıq bu da azdır. Artıq ali təhsil sistemimizdə İT ixtisaslar üzrə tam bir kompleks yaranmışdır (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya sistemləri və s.). Bu ixtisaslara qəbulda abituriyentlər kimyadan imtahan verdikləri halda, sonradan isə onlar heç bir yerdə kimya keçmirlər. Bu nonsens deyilmi? Belə anlaşılmazlıq köhnə sovet məktəbindən qalmış mirasdır (o sistemin də uyğunsuzluqları az deyildi). Bəs bu gün? Kimyadansa, biologiyadan imtahan daxil edilməsi daha faydalı olardı – biorobotlar, biokompüterlər, bioinformatika, biomühəndislik – artıq bügünümüzdür. İnformatikadan qəbul imtahanı olacaqsa – məktəb informatikası da olacaq, imtahan olmayacaqsa – bizdə heç bir şey olmayacaq və biz də özümüzü “qürurla” Yuzerlər, “vordçülər” (WORD), “pauverpointçilər” (PowerPoint) ölkəsi adlandıra biləcəyik. İnanıram ki, bütün maraqlı tərəflərin səyləri və sizin köməkliyinizlə Məktəb İnformatikasının canlanmasına nail olacağıq və IOI 2019 tədbirində respublikamızı layiqli təmsil edə biləcəyik”.
R.Mahmudzadə məktubu belə tamamlayır: “Bizim təqribi hesablamalarımıza görə ali məktəblərə qəbul olunan tələbələrin ümumi sayının 14-15%-ni İKT ixtisasları təşkil edir. Ondan sonra gələn Riyaziyyat ixtisasları 10-11%, Kimya ixtisasları 7-8%, Biologiya 6-7%, Filologiya 6-7%, Fizika 5-6%, Coğrafiya 3-4%, Tarix 2-3% təşkil edir.
“Mühüm cəhət isə ondan ibarətdir ki, digər ixtisaslara qəbul planı ilbəil azalsa da, yalnız İKT ixtisasları böyük sürətlə artmaqdadır. Bu rəqəmlərin dəqiqliyi barədə müzakirə etmək olar, amma ümumi mənzərə şübhəsizdir: ən çox qəbul ixtisasları İKT sahəsi üzrə olsa da, bu ixtisaslara qəbul olunan abituriyentlərin İnformatikadan qəbul imtahanı verməməsi anlaşılan deyil”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL