waplog

Əməkdar müəllim: “Texnoloji inkişafa üstünlük vermək tələb olunur”


XXXI Beynəlxalq İnformatika Olimpiadasının (BİO) 2019-cu ildə Bakıda keçirilməsi informatika müəllimləri arasında böyük ruh yüksəkliyi yaradıb. Məsələni sosial şəbəkələrdə də mütəmadi müzakirə edən müəllimlər bu haqda öz fikirlərini paylaşıblar.
 
 Əməkdar müəllim, İnformatika dərsliklərinin həmmüəllifi Naidə İsayeva rəhbərlik etdiyi "informatik.az" saytında fikrini belə izah edir:
 
"2019-cu ilin yayında Bakıda əlamətdar hadisə baş verəcəyini desəm, səhv etmərəm. Bu - məktəblilərin Beynəlxalq İnformatika Olimpiadasıdır. İlk dəfə olaraq belə möhtəşəm tədbirə Azərbaycan sahiblik edəcək. Bu tədbir sözün əsl mənasında mühüm hadisə olacaq, çünki bu tədbirdə dünyanın ən istedadlı gəncləri iştirak edəcəklər. Bununla yanaşı, Bakıya informatika sahəsində tanınmış alimlər, olimpiada rəhbərləri, müəllimlər, İT mütəxəssisləri yığışacaqlar. Gələn il olimpiada Rusiyada, 2017-ci ildə İranda, 2018-ci ildə Yaponiyada və nəhayət, 2019-cu ildə Azərbaycanda keçiriləcək. Ümumiyyətlə, fənn olimpiadalarının keçirilməsində əsas məqsəd istedadlı, bəzən də fitri və qeyri-adi istedada malik şagirdləri üzə çıxartmaq, onları dünya ictimaiyyətinə tanıtmaqdır".
 
N.İsayeva Beynəlxalq İnformatika Olimpiadasının bəzi əhəmiyyətli cəhətlərini də göstərir:
 
  1. Əvvəla, bütün beynəlxalq tədbirlər kimi, bu tədbirin də digər cəhətləri ilə yanaşı, siyasi əhəmiyyəti vardır. I Avropa Oyunları respublikamız üçün nə qədər əhəmiyyətli idisə, düşünürəm ki, bu il keçirilmiş Beynəlxalq Kimya və 2019-cu ildə keçiriləcək Beynəlxalq İnformatika olimpiadalarının da bir o qədər əhəmiyyəti var.
 
  1. Beynəlxalq olimpiadada iştirak edən şagirdlər qeyri-adi, bəziləri isə hətta fitri istedada malik gənclərdir. Bu cür yüksək istedad sahibləri həyatda özlərini tez bir zamanda təsdiq edir və sürətli karyera qururlar. Bir neçə onilliklərdən sonra bu günün olimpiadaçıları dünya texnologiyalarının inkişaf trendini müəyyən edən alim, mütəxəssis və peşəkar proqramçılar kimi fəaliyyət göstərəcəklər. Onlardan bir çoxlarının gələcəkdə nüfuzlu beynəlxalq şirkətlərin rəhbərləri olacaqları da heç kimdə şübhə doğurmur. Dünyanın müxtəlif ölkələrindən bizə qonaq gələcək bu istedadlı gənclərdə vətənimiz barədə xoş təəssüratların yaradılması gələcəkdə onların nüfuzlu mütəxəssislər kimi müxtəlif biznes planları ilə ölkəmizə dönəcəklərinə və respublika iqtisadiyyatına xeyir verəcəklərinə inam yaradır.
 
 
  1. Azərbaycan neft ölkəsidir. Dövlət büdcəmizin əsasını da neftdən daxil olan gəlirlər təşkil edir. Hamıya aydındır ki, dünya bazarlarında neftin qiymətinin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün ilk növbədə yerli istehsalı inkişaf etdirmək, başqa sözlə, texnoloji inkişafa üstünlük vermək tələb olunur. Ölkə təhsil sistemində informatika fənninin və informasiya-kommunikasiya texnologiyalarının tədrisi lazımi səviyyədə olmadan buna nail olmaq mümkün deyil. Misal üçün, Yaponiya, Cənubi Koreya ölkələrinin təcrübələrini göstərmək olar. Həmin ölkələrdə İT sektorunda çalışanlara, ümumiyyətlə, proqramçılara böyük tələbat və dəstək var. Bu baxımdan olimpiada informatika fənninin əhəmiyyətini lazımi qurumlara bir daha nümayiş etdirə bilər.
 
  1. Olimpiadanın başlanmasına qalan müddət ərzində, yəni 2019-cu ilə qədər həyata keçiriləcək tədbirlər bu fənnə son zamanlar formalaşmış ədalətsiz münasibəti prinsipial olaraq dəyişə bilər. İnformatikanı elm deyil, sadəcə, texnologiya hesab edən məmurlar şəxsi məlumat bazalarındakı çatızmazlıqları doldurmaq şansını əldə edəcəklər.
 
 
  1. İnformatikanın tədrisi ilə məşğul olan dünyanın ən qabaqcıl mütəxəssislərinin diqqəti ölkəmizə yönələcək və onlardan bir çoxları da ölkəmizə qonaq gələcəklər. Bu, Azərbaycanın intellekt məkanına çevrilməsinə yardım edə bilən faktorlardandır. Digər tərəfdən isə olimpiada beynəlxalq tədbirləri yüksək səviyyədə keçirmək təcrübəsinə malik olan ölkəmizə yüksəkixtisaslı proqramçıların axınına təkan verə bilər.
 
  1. Ölkəmiz təkcə nefti ilə deyil, yetişməkdə olan intellektual gəncliklə də fəxr etmək imkanı qazanır. Olimpiadaya hazırlıq prosesi, lazımi təbliğatın aparılması, məktəblilər arasında xüsusi proqramla istedadlı şagirdlərin olimpiadaya hazırlaşdırılması nəticəsində olimpiada bitdikdən sonra da həmin şagirdlərin ixtisas seçimlərinə təsir edəcək və gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yaranmasına öz təsirini göstərəcək. Qeyd etmək istərdim ki, Beynəlxalq İnformatika olimpiadasının Azərbaycanda keçirilməsində ən böyük qələbəni İnformatika elmi qazanacaq".
 
 
Digər müəllimə Nüşabə Abdullayeva da bu tədbiri sevinclə qarşılayanlardan biridir:
 
"Mən bir İnformatika müəlliməsi kimi, bu  tədbiri müsbət  dəyərləndirirəm, hələ qarşıda 4 il var. Yəqin ki, bu illərdə respublikada orta məktəblərdə informatikanın tədrisi keyfiyyəti xeyli yaxşılaşacaq, rayon məktəblərində informatika kabinetləri kompüterlərlə, İKT avadanlıqları ilə təmin olunacaq".
Adilə Aşurova da həmkarı ilə fikirlərini bölüşür: "Dünya səviyyəli bu tədbirin bizim ölkəmizdə keçirilməsi xəbərini mən çox sevinclə qarşıladım. Bu, eyni zamanda böyük məsuliyyət deməkdir".
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL