waplog

Ölkədə ən yeni texnologiyaların gündəlik həyatın müxtəlif sahələrində tətbiqi informasiya cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsinə çevrilib


Son 10 ildə informasiya və kommunikasiya sahəsində orta illik artım tempi 20-25 faiz təşkil edib və sektor 6,7 dəfə genişlənib. Sektora 3 milyard ABŞ dollarından artıq investisiya yatırılıb. Özəl sektorun payı 67,4 faizdən 80 faizə yüksəlib.
 
Bu haqda məlumat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi-2014” adlı illik hesabatda yer alıb. Hesabatda qeyd edilib ki, sektorda orta aylıq əməkhaqqı 6 dəfə artıb. Bütün yaşayış məntəqələri telefonlaşdırılıb və telefon şəbəkəsi rəqəmləşdirilib.
 
Üçüncü mobil operator fəaliyyətə başlayıb, şəbəkədə “3G” və “4G” texnologiyasının, mobil nömrə daşınmasının tətbiqinə başlanılıb. Mobil abunəçilərin sayı 7 dəfə, internet istifadəçilərinin sayı  14 dəfə, sabit şəbəkə abunəçilərinin sayı 1,6 dəfə artıb. Ölkə əhalisi 99 faiz rəqəmli yayımla əhatə edilib. Poçt müəssisələrində bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanılıb. Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılıb. “E-hökumət” portalı və e-imza infrastrukturu yaradılıb. Nanotexnologiyaların tədqiqinə başlanılıb.
 
 
İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədilə “Yüksək Texnologiyalar Parkı”  və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb.
Ümumiyyətlə, ötən illər ərzində  həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilib, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, peyk infrastrukturunun yaradılması, “Elektron hökumət”in formalaşdırılması, informasiya təhlükəsizliyi, informasiya cəmiyyəti quruculuğu, kadr hazırlığı və digər məsələlərin həlli istiqamətində  mühüm addımlar atılıb.
 
 Respublikamızda ən yeni texnologiyaların vətəndaşların  gündəlik həyatının müxtəlif sahələrində tətbiqi, azərbaycandilli internet resurslarının zənginləşdirilməsi, internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnalların yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika əhalisinin  əksər hissəsinin  internet istifadəçisinə çevrilməsi informasiya cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsi və təkanverici elementləri olub.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL