İKT vakant vəzifələrin gizlədilməsini aradan qaldırıb
“Artıq bir neçə ildir ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) vakant vəzifələrin elanının verilməsi ilə bağlı yeni texnologiyanı tətbiq edir. Komissiyada “Dövlət qulluqçularının reyestri” adlanan informasiya sistemi yaradılıb. Bu informasiya sistemində bütün dövlət orqanlarında olan struktur, ştat cədvəli haqqında olan məlumatlar toplanılır. Eləcə də vəzifələr üzrə baş verən dəyişikliklər öz əksini tapıb”.
“ICTnews” Elektron Xəbər Xidmətinin məlumatına görə, bu fikirləri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov söyləyib.
V.Misirov bildirib ki, Azərbaycanın dövlət orqanlarında yaranan istənilən vakant vəzifə dərhal sözügedən informasiya sistemində göstərilir. Sistem internet üzərindən və onlayn formada çalışdığı üçün vakant vəzifələr haqqında məlumatların gizlədilməsi halları tam olaraq aradan qaldırılıb:
“Vəzifələr üzrə dəyişikliklər sistemdə öz əksini tapdığından artıq əvvəlki illərdə olduğu kimi, dövlət orqanlarında hansısa vakant vəzifələri təqdim etməmək istəyi və yaxud hansısa bir səbəbdən onun gizlədilməsi halı öz aktuallığını itirir. Çünki bütün məlumatlar informasiya sistemində öz əksini tapdığından biz dərhal vakant vəzifələri müəyyən edirik. Belə olduqda da dövlət orqanlarından bu vəzifələri elan etmək artıq onların vəzifə borcları olur”.
Vakant vəzifələrin elan edilməsi prosesində də informasiya texnologiyalarından geniş istifadə olunduğunu vurğulayan V.Misirov əlavə edib ki, komissiyanın son elanlarında da texnologiyanın tətbiqini açıq-aydın görmək mümkündür. Onun sözlərinə görə, test imtahanlarında da yeniliklər edilib və artıq bütün sənəd qəbulu prosesi onlayn formada həyata keçirilir:
“Biz namizədlərin üzünü görmürük. Onlar internet saytımıza daxil olaraq qeydiyyatdan keçirlər. SMS və e-mail vasitəsi ilə imtahan vaxtı və yeri ilə bağlı məlumat alırlar”.
V.Misirov onu da qeyd edib ki, təmsil etdiyi komissiya dövlət orqanları ilə birgə müsahibə proqramları hazırlayaraq DQMK-nın saytında yerləşdirib.
“Test imtahanlarından keçən namizədlər asanlıqla bu proqramları internet vasitəsi ilə əldə edə və onun əsasında hazırlaşa bilər” – deyə o əlavə edib.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL