Braziliyanın Elmi və Texniki İnkişaf üzrə Milli Şurası azərbaycanlı gənc tədqiqatçılara kompüter elmləri üzrə təqaüdlər təklif edir
Braziliya Elm, Texnologiya və İnnovasiya Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi və Texniki İnkişaf üzrə Milli Şura (CNPq) və Ümumdünya Elmlər Akademiyasının (TWAS) birgə təşkilatçılığı ilə 2016-cı ildə Braziliyada gənc tədqiqatçılar üçün PhD, Sandwich PhD və Post-Doctoral elmi dərəcələri üzrə təqaüd proqramı elan olunub.
Bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məlumat daxil olub. AMEA-dan qeyd edilib ki, Braziliyanın müxtəlif universitetlərində və tədqiqat institutlarında təhsil almaq imkanı yaradan proqramda gənc tədqiqatçılara aqrar elmlər, biologiya elmləri, tibb və səhiyyə elmləri, kimya elmləri, mühəndislik elmləri, riyaziyyat, ehtimal və statistika, kompüter elmləri, fizika, astronomiya və yerşünaslıq, okeanoqrafiya sahələri üzrə təqaüdlər təklif edilir.
“Sandwich PhD” üzrə 30, PhD üzrə 20, “Post-Doctoral” üzrə isə 10 təqaüd yeri nəzərdə tutulub. “Sandwich PhD” dərəcəsi üzrə təhsil müddəti 6-12 ay, PhD dərəcəsi üzrə 48 ay, “Post-Doctoral” dərəcəsi üzrə 6-12 aydır. İştirakçıların proqram dövründə bütün xərcləri və təqaüdlər CNPq tərəfindən ödəniləcək.
“CNPq-TWAS” proqramına ərizələrin qəbulu 2015-ci il avqustun 24-də başa çatır. Nəticələrin elan olunması noyabr ayında, proqramın həyata keçirilməsi isə 2016-cı ilin mart ayından etibarən nəzərdə tutulur.
Proqram və şərtlər haqqında ətraflı məlumat, habelə iştirak üçün ərizə formaları müvafiq linkdə verilib. Əlavə məlumat almaq üçün Elm və Təhsil İdarəsinə (Tel.: 492-59-45; E-mail: eti@science.az) müraciət etmək olar.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL