Azərbaycanda bu ilin sonuna kimi 11 beynəlxalq sərgi keçiriləcək
Beynəlxalq sərgi və konfransların təşkilatçıları - "Iteca Caspian" və "Сaspian Event Оrganisers" ("CEO") şirkətləri Azərbaycanda bu ilin sonuna kimi 11 beynəlxalq sərgi keçirəcəklər.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bu mövsümün bütün sərgiləri öz məzmunlarına görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu əks etdirəcək.
Payız sərgi təqviminə Azərbaycan beynəlxalq "Səhiyyə" ("BIHE"), "Stomatologiya" ("Stomatology Azerbaijan"), "Gözəllik və Estetik tibb" ("Beauty Azerbaijan"), "Təhsil" ("Education"), "Karyera" ("Career"), "İnşaat" ("BakuBuild"), "İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri" ("AquaTherm Baku"), "Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri" ("CIPS Caspian"), "Ətraf mühit" ("CTE") və "Telekommunikasiya və İnformasiya texnologiyaları" ("BakuTel") sərgiləri daxildir.
Keçirildikləri illər ərzində sərgilər Xəzər regionunda lider mövqeyi qazanmış və ixtisaslaşdıqları sahələr üzrə mütəxəssislərin ənənəvi görüş yerinə çevrilib.
15 oktyabr tarixində "Fairmont Baku" otelində təşkil olunacaq "Davamlı inkişaf və korporativ sosial məsuliyyət üzrə 1-ci Azərbaycan konfransı" ("Baku CSR Conference 2015") ölkə üçün yeni mövzuya toxunacaq. Bu konfrans davamlı inkişaf və korporativ sosial məsuliyyət üzrə yerli və xarici metodların mənimsənilməsinə imkan yaradan unikal məkandır.
Debüt konfransın məqsədi ölkənin hazırkı vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsi, eləcə də sözügedən sahənin inkişaf etdirilməsi üçün dövlət, özəl və qeyri-hökumət təşkilatları arasında dialoq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən ibarətdir. Konfransın 300 nəfərdən artıq nümayəndə və təxminən 30 nəfər spikeri bir araya toplayacağı gözlənilir.
Payız mövsümündə ilk növbədə "Iteca Caspian" şirkətinin təşkil etdiyi 21-ci Azərbaycan Beynəlxalq "Səhiyyə" ("BIHE - 2015"), 10-cu Yubiley Azərbaycan Beynəlxalq "Stomatologiya" ("Stomatology Azerbaijan - 2015") və 9-cu Azərbaycan Beynəlxalq "Gözəllik və Estetik tibb" ("Beauty Azerbaijan - 2015") sərgiləri öz qapılarını ziyarətçilərin üzünə açacaq. Sərgidə ilk dəfə olaraq Rusiyanın əczaçılıq şirkətləri Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə birgə stendlə çıxış edəcəklər. Sərgi "Tibbi turizm" sektorunu fəal şəkildə inkişaf etdirir və bu il sözügedən sektor çərçivəsində xaricdə müalicənin təşkili ilə məşğul olan 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Bu il "Tibbi turizm" sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.
Bu il sərgi öz geniş işgüzar proqramı ilə fərqlənəcək, belə ki, sentyabr ayının 18-də Bakı Ekspo Mərkəzində "Aktual kardiologiya problemləri" mövzusuna həsr olunmuş konfrans keçiriləcək. Konfransın sponsoru Sloveniyanın "KRKA" əczaçılıq şirkətidir. Sentyabr ayının 19-da isə Bakı Ekspo Mərkəzində "Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnostika və müalicə metodları" mövzusunda 9-cu elmi-praktiki konfrans təşkil olunacaq. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və "Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək" İctimai Birliyinin dəstəyi ilə keçirilən bu konfransda mütəxəssislər ən yaxşı təcrübələrini öz həmkarları ilə bölüşə biləcəklər. Həmçinin, builki yeniliklərdən biri də tibbi turizm sektoru çərçivəsində "B2B" formatlı korporativ görüşlərin təşkili olacaq.
"Stomatology Azerbaijan 2015" sərgisində ən son stomatoloji avadanlıqlar və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallar, implantologiya və dişlərin ağardılması üzrə ən yeni texnologiyalar və ağız boşluğunun gigiyenası üçün vasitələr təqdim olunacaq. "Beauty Azerbaijan 2015" sərgisində Azərbaycan, Almaniya, Kanada, Çin, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlərin iştirakı planlaşdırılır.
Daha sonra sərgi mövsümünü "Təhsil" və "Karyera" (9-11 oktyabr), Xəzər İnşaat Həftəsi: "BakuBuild", "AquaTherm Baku", "CIPS" (21-24 oktyabr) və "Xəzər: Ətraf mühit üçün texnologiyalar" adlı - ətraf mühit sahəsi üzrə 6-cı Beynəlxalq "Ətraf mühit" ("CTE - 2015") (18-20 noyabr) sərgiləri davam etdirəcək. Ənənəvi olaraq, sərgi mövsümünü Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya texnologiyaları" ("Bakutel 2015") sərgi və konfransı (2-5 dekabr) yekunlaşdıracaq.
Bu sərgi mövsümü bir sıra seminar, təqdimat və konfransların daxil olduğu aktiv işgüzar proqramı ilə fərqlənəcək.
Beləliklə, Azərbaycanın paytaxtı Bakı şəhərini yenidən dolğun ixtisaslaşmış sərgi və konfrans mövsümü gözləyir. Ölkədə sərgilərin keçirilməsi ümumilikdə, xüsusən də dünya iqtisadiyyatında böhranlı dövrün yaşandığı bir vaxtda, ölkə iqtisadiyyatının və ölkənin beynəlxalq bazardakı iştirakının ciddi göstəricisidir. Bütün dünyada böhranlı vəziyyətin mövcud olmasına baxmayaraq, sərgilər bu böhrandan çıxmağın səmərəli yollarından biri olaraq qalır.
Böhran informasiyanı ilk əldən almağa, işgüzar əlaqələri şəxsən qurmağa və dəstəkləməyə, aktual təklif və məhsulları müqayisə edərək seçməyə təkan verir. Məhz ticarət-sənaye sərgilərində müvafiq sahənin peşəkarları üçün şirkətlərin qərar qəbul etmək səlahiyyətinə malik olan birinci şəxsləri, etibarlı tərəfdaşlarla görüşmək, biznesdə yeni istiqamətlər tapmaq, eləcə də sənayedə baş verən yeniliklərlə tanış olmaq imkanı yaradır.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL