waplog

E-viza üçün “Elektron hökumət” portalında yeni bölmənin yaradılması təklif olunur


Dünyanın bir çox dövlətləri turist axınını genişləndirmək və eləcə də ölkəyə əlavə vəsaitlərin daxil olması məqsədi ilə elektron viza xidmətini istifadəyə təqdim edərək gəliş-gedişi asanlaşdırıb. Çünki köhnə üsul-idarə ilə vizaların verilməsi daha çox vaxt apardığından  həyatın yaşam qaydalarının sürətləndiyi, qloballaşan dünyada yeni texnologiyalara yiyələnən insanların tələbatına cavab vermir. Hazırda turistlərin böyük əksəriyyəti qısa zaman kəsiyində internetlə viza əldə edərək ona maraqlı olan ölkəni gəzmək, orada dincəlmək istəyir. Bu da yalnız gediləcək ölkələrin elektron vizanı tətbiq etməsindən asılıdır. Məhz bu amil də hazırda səfərə çıxmaq istəyən şəxslərin diqqətini cəlb edir.
 
 
Azərbaycanda da elektron viza sisteminin tətbiq edilməsi və inkişafı istiqamətində bir sıra addımlar atılmaqdadır. Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı keçirilən iclasda ölkəmizə daha böyük sayda turistin səfərini təmin etmək üçün elektron viza məsələlərinə də toxunub. Dövlət başçısı vurğulayıb ki, son dövrlərdə viza məsələsi, xüsusilə də elektron viza ilə bağlı ölkə qanunvericiliyində bir sıra yeniliklər qəbul edilib.
 
«Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında» 20 noyabr 2012-ci il tarixli və «Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» 20 noyabr 2014-cü il tarixli Prezident sərəncamlarında da elektron vizanın verilməsi məsələsi qeyd olunub.
 
 
Bəs elektron viza xidmətinin əsasları necə formalaşır, e-viza üçün müraciət qaydaları, zəruri prosedurlar necə müəyyən olunub?
 
“Vergilər” qəzetinin  sualını cavablandıran «Elektron hökumət» portalının operatoru Məlumat Hesablama Mərkəzinin şöbə müdiri İlqar Abdullayev öncə bildirib ki, dünya ölkələrinin təcrübəsində miqrasiya prosesinin sadələşdirilməsi məqsədilə aidiyyəti saytlarda viza üçün sorğu anketi təqdim edilir. Onun sözlərinə görə, e-viza sorğu anketində immiqrantın fərdi məlumatları ilə yanaşı, səfərinin məqsədi və müddəti qeyd edilir. Bununla bərabər, pasportun surəti yüklənilir, vizanın növü, turistik, işgüzar (biznes), rəsmi səfər, təhsil, müalicə, şəxsi (qohum və ya dostların ziyarəti), tranzit, idman yarışlarında iştirakı qeyd edilir.
 
Viza üçün tələb olunan dövlət rüsumunun da sayt üzərindən plastik kartlar vasitəsilə elektron şəkildə ödənildiyini vurğulayan İ.Abdullayev deyib ki, müəyyən edilmiş zaman ərzində anketdə göstərilmiş elektron ünvana verilmiş vizanın təsdiqi barədə bildiriş göndərilir. Onun sözlərinə görə, bəzi ölkələrdə eyni informasiya link şəklində mobil telefona da göndərilə bilir:
 
“Məsələn, Böyük Britaniya kimi bir çox inkişaf etmiş ölkələrdə elektron vizaların qeydiyyatı «bir pəncərə» prinsipi əsasında vahid elekton mühitdən, “Elektron hökumət” portalı üzərindən həyata keçirilir. Bunun da bir çox üstünlükləri var. Turist tələb olunan məlumatları təqdim etməklə qısa bir zaman kəsiyində istəyiyi vizanı, yəni elektron vizanı ala bilir. Bu da həm səfərin tez və vaxtında reallaşmasına, həm də turistin əziyyət çəkməməsinə, rahatlığına hesablanıb”.
 
 
Hazırda vətəndaşlara 400-dən artıq e-xidmət göstərən “Elektron hökumət” portalının tərkibində immiqrantlar üçün yeni bölməni yaratmağı təklif edən İ.Abdullayev bildirib ki, gələcəkdə bu bölmənin funksiyalarını genişləndirərək Azərbaycana ziyarət edən əcnəbilər üçün zəruri elektron xidmətlər, hətta ünsiyyət platforması da təqdim etmək mümkündür. Onun sözlərinə görə, bu məsələnin tənzimlənməsində dövlət-vətəndaş tərəfdaşlığı, dövlət və özəl strukturların öhdəlikləri var: “Dövlət sektoru elektron vizanın verilməsi üçün tələb olunan sənədlərin siyahısını və növlərini hazırlayır, dövlət rüsumu və internet üzərindən onlayn qaydada ödəmə üsullarını müəyyənləşdirir, sənədlərin qeydiyyatı və viza verilməsi prosesinin həyata keçirilməsinə icazə verir və mövcud qanunvericiliyə əməl olunmasına nəzarət edir.
Özəl tərəfdaşlar isə elektron viza sisteminin real vaxt rejimində sabit işini təmin edir (sayta dəstək, məlumatların ötürülməsi, zəng mərkəzinin fəaliyyəti və istifadəçiyə dəstək), dövlət rüsumları üzrə əldə olunan vəsaitlərin toplanılmasını həyata keçirir, əldə olunan vəsaitlərdən dövlət tərəfindən müəyyənləşdirilmiş məbləği büdcəyə köçürür”.
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL