Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun “Optimallaşma, idarəetmə və sənaye tətbiqləri” beynalxalq konfransında çıxışı
Hörmətli alimlər,
Dəyərli qonaqlar, konfrans iştirakçıları!
İcazə verin Sizi - "Optimallaşdırma, idarəetmə və sənaye tətbiqləri" – COIA – 2015 beynəlxalq elmi konfransın iştirakçılarını ürəkdən təbrik edim və konfransın işinə müvəffəqiyyətlər arzulayım. Artıq sayca 5-ci dəfə keçirilən bu beynəlxalq konfrans bir neçə tanınmış alimlərin, o cümlədən professorlar Tamer Basar, Aleks Rubinov, Vladimir Larin, Kris Floudas, Janus Kaspırşık, Stefan Boyd, Fikrət Əliyev və digərlərinin, həmçinin Azərbaycan hökumətinin dəstəyi və təşkilatçılığı ilə ilk dəfə 2005-ci ildə Bakıda keçirildi. Artıq Türkiyədə, Bolqarıstanda keçirilmiş və növbəti dəfə, səhv etmirəmsə, ABŞ-da keçirilməsi planlaşdırılan bu konfrans nüfuzlu elmi tədbirlərin sırasına daxil olmuş və bunun da əsas səbəbkarları Sizsiniz, yəni bu sahədə çalışan alimlər, buraya toplaşan iştirakçılardır. Siz Azərbaycana, qədim və qonaqpərvər bu məmləkətə xoş gəlmisiniz.
Konfransa xüsusi əhəmiyyət gətirən onun çox təşkilatçılığıdır (multistake)-dir. Konfransın ərsiyə gəlməsində həm hökumət, həm akademiya, həm də biznes iştirak edir və təsadüfi deyil ki, konfrans elmi nəzəriyyələri və onların praktikada tətbiqlərini birləşdirir. Bu gün qərarların qəbul edilməsində, iqtisadi məsələlərin həllində çoxsaylı elmi tədqiqatların aparılmasında mürəkkəb texniki sistemlərin layihələndirilməsində və s. sahələrdə optimallaşdırma və optimal idarəetmə problemləri ön plana çəkilir. Qeyd etməliyik ki, idarəetmə və optimallaşdırmanın nəzəri və praktiki inkişafı çox sürətlə gedir. Lakin digər bir məsələ də diqqətimizi özünə cəlb edir. Bir çox elm sahələrində olduğu kimi, optimallaşdırma və optimal idarəetmədə də alimlərimiz çox vacib və səmərəli nəticələr alır, çox mürəkkəb məsələlərin həllinə nail olurlar. Digər tərəfdən, praktikada həllini istəyən məsələlərin mürəkkəblik dərəcəsi durmadan artır. Məsələlərin ölçüsü, onlara qoyulan məhdudiyyətlər, qeyri-müəyyənlik sürətlə artır. Sual meydana çıxır: ixtira olunan yeni həll metodları məsələlərin mürəkkəbliyini izləyə bilirmi?
Digər tərəfdən, informasiya selinin (Information boom) sürətlə artması və Böyük verilənlər (BigData) problemi böyük həcmli informasiyanın sürətli emalı (hesablanması) məsələsini gündəmə gətirmişdir. Artıq reallıqdır ki, Bul cəbri ilə işləyən hesablama platformaları tranzistorun ölçüsünün 10 nanometrdən aşağı ölçülərdə işləyə bilmir və elementar hissəciklərin kvant xassələri yeni hesablama cəbrləri tələb edir. Son zamanlar nanotexnologiyaların və qeyri-ənənəvi hesablamaların inkişafı hesablama texnikasında inqilab yarada bilən nanoelektronika, molekulyar və kvant kompüterlərin "yumşaq" hesablama və beləliklə, yeni hesablama mühitinin yaradılması idarəetmə və optimallaşdırma nəzəriyyəsində yeni istiqamətlər aça bilər və mürəkkəb praktiki məsələlərin həllində təkan verə bilər. Belə bir vəziyyətdə optimallaşdırmanın nə qədər vacib məsələ olduğu bir daha görünür və konfransda şəbəkələr nəzəriyyəsi, kvant informatikası, qeyri-səlis optimallaşdırma kimi önəmli məsələlər bu nöqteyi-nəzərdən maraq doğurur.
Konfransın xüsusi maraq doğurması optimallaşdırma və idarəetmə nəzəriyyələrinin sənaye tətbiqləri ilə birbaşa əlaqələndirilməsidir. Çünki, bu gün bizim ən böyük problemlərimizdən biri bu sahədə mühüm nəticələr əldə edən alimlərimizlə sənayedə, iqtisadiyyatda bu nəticələri tətbiqi ilə məşğul olan mühəndislər, menecerlər arasında olan əlaqələrin zəifliyidir. Təqdim olunan məqalələrin bir çoxunu konkret tətbiq məsələlərinin üzərində qurulması bu problemlərin həlli istiqamətində atılan addımlardır.
Bu gün fənnlərarası elmi istiqamətlər çox maraq mərkəzindədir və idarəetmə və optimallaşdırma bu sahədə çox mehriban qonşudur, yəni həm digər sahələri bəhrələndirir və digər elmi istiqamətlərdən də bəhrələnə bilir. Bu konfransın əsas əlamətlərindən biri də onun multidissiplinar xarakter daşımasıdır. Riyaziyyat, fizika, biologiya, iqtisadiyyat və s. elmi istiqamətlərə yönəldilən məqalələr buna parlaq misaldır. Bu konfransın hökümətlər tərəfindən dəstəklənməsi xüsusi diqqət çəkir.
Məlumdur ki, müasir zamanda elmi tədqiqatlara ən böyük kömək hökumət tərəfindən verilməlidir. İndi əksər cəmiyyətlərin qəbul etdiyi bir inkişaf prinsipi var. Bu universitet, hökumət və biznesin vahid birləşməsidir.
Digər bir vacib amil də var ki, o da elmin sərhədsizliyidir. Mən inanıram ki, biz Sizinlə hamımız və sizin təmsil etdiyiniz ölkələrin hökumətləri bu prinsipi qəbul edir və ona görə də biz bir yerdəyik. Azərbaycan sivil və beynəlxalq normalara hörmət edən və beynəlxalq əməkdaşlığı və dostluğu dəstəkləyən dövlətdir. Baxmayaraq ki, Azərbaycan neft ölkəsi sayılır, lakin elmin, təhsilin və texnologiyaların inkişafını prioritet sahə elan etmiş və bu siyasətə sadiq olan ölkədir. Bu gün Azərbaycan hökümətinin və şəxsən Dövlət Başçısı, Prezident İlham Əliyevin dəstəyi ilə keçirilən beynəlxalq tədbirlər, qlobal humanitar forumlar, mədəniyyət toplantıları, elmi və digər konfranslar buna parlaq misaldır. Elə buna görə də Azərbaycan bu konfransa rəsmi dəstək verən ölkələrdən biridir.
Sonda icazə versəydiniz, mən Bakı Dövlət Universitetinin və xüsusi ilə universitetin rektoru, Milli Elmlər Akademiyasının həqiqi üzvü professor A. Məhərrəmovun bu konfransın ərsəyə gəlməsində xüsusi rolunu qeyd edərdim. Rektor və universitetin kollektivi və konfransın təşkilatçılığı ilə birbaşa məşğul olan akademik, prof. F. Əliyev əllərindən gələni etmişlər, əziyyət çəkmişlər və müasir tələblərə cavab verən elmi konfransın keçirilməsi üçün bu işçi və rahat mühiti bizə yaratmışlar. Həmçinin, icazə verin konfransın təşkilatçığında iştirak edən Müəllif Hüquqları Agentliyinin sədri, hörmətli Kamran İmanova, Azərbaycan Milli Elmlər Akademiyasına və onun Prezidenti, akademik Akif Əlizadəyə öz minnətdarlığımızı bildirək. Təəssüf ki, akademik A.Əlizadə üzürlü səbəblərdən bu gün Azərbaycanda deyil və bu mərasimdə iştirak etmir.
Və ən nəhayət konfransa xüsusi dəyər gətirən, bura toplaşan alimlərə öz minnətdarlığımı bildirir və konfransın işinə uğurlar arzulayıram.
Diqqətinizə görə sağ olun.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL