Rasim Əliquliyev: “İnformatikanın gələcək inkişafı istiqamətində Təhsil Nazirliyi, RYTN və AMEA birgə fəaliyyət aparırlar”
Azərbaycanda informatika, ümumiyyətlə informasiya-kommunikasiya texnologiyalarının inkişafı, informasiya cəmiyyətinin formalaşması prosesi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə İKT sahəsində əldə edilən nailiyyətlərin bünövrəsi 1969-70-ci illərdə Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başladığı gündən qoyulub.
Bunu "İnformatika və hesablama texnikasının əsasları" kursunun ümumtəhsil məktəblərində tədrisə başlanmasının 30 illiyi ilə bağlı fikirlərini "Rabitə dünyası" ilə paylaşan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib. Akademikin sözlərinə görə, Azərbaycanda dövlətin informasiya siyasətinin əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, onun strateji vəzifələri, istiqamət və resursları müəyyən edilib:
"Heydər Əliyevin həyata keçirdiyi həmin uzaqgörən siyasət bu gün də müstəqil Azərbaycan Respublikasının iqtisadi və elmi potensialının əsasını təşkil edir. Ölkəmizin dövlət idarəetmə orqanlarında, iqtisadi strukturlarında, elm-təhsil müəssisələrində ulu öndərimizin yetişdirdiyi kadrlar bu gün də uğurla fəaliyyət göstərirlər. Qeyd etmək yerinə düşər ki, hələ 90-cı illərin ortalarında ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə akademik Əli Abbasovun rəhbərliyi altında bir sıra mühüm elmtutumlu İKT layihələri həyata keçirilib. Azərbaycanda internetin inkişaf dinamikası da məhz bu dövrlərdən başlayır." AMEA rəsmisi qeyd edib ki, həyata keçirilən islahatlar, icra olunan dövlət proqramları, görülən tədbirlər ümumilikdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyasının sürətli inkişafına səbəb olub:
"Bu gün Azərbaycan qlobal informasiya cəmiyyətinin qurulmasında ən öndə gedən ölkələrdən biridir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və İlham Əliyev tərəfindən davam etdirilən bu inkişaf ölkəmizin gələcəyinə xidmət edir. Ölkə başçısının sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da bu inkişafa təkan verəcək mühüm hədəf və məqsədlər müəyyən edilib". Milli Strategiyanın məqsədi və əsas vəzifələrinə də toxunan akademik bildirib ki, burada hər bir vətəndaş üçün İKT üzrə təhsil və təlim almaq imkanının yaradılması da əsas yer tutur:
"Müasir təhsil sisteminin qarşısında insanlarda informasiya mədəniyyətini formalaşdırmaq və inkişaf etdirmək, elektron vətəndaş yetişdirmək kimi vəzifə dayanır".
Elektron vətəndaşın hazırlanması prosesinin ümumtəhsil müəssisələrində "İnformatika" fənninin tədrisindən başlandığnı deyən R.Əliquliyev bu gün dünyada informasiya texnologiyaları üzrə yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrlara böyük tələbatın olduğunu bildirib.
Onun sözlərinə görə, XXI əsrin innovativ təfəkkürə malik müəllimlərində müasir informasiya və digər elmtutumlu mütərəqqi texnologiyalardan istifadə etməklə informasiya-texnoloji mədəniyyəti formalaşır. Bu mədəniyyət müəllimlərin peşəkar pedaqoji hazırlığı prosesində özünü daha effektiv büruzə verməsinə, onların peşəkar fəaliyyətində yaradıcılıq potensialını reallaşdırmağa imkan verir.
Eyni zamanda yalnız müəllimlərdə deyil, həm də gənc kadrlarda informasiya-texnoloji bilik və bacarıqların, təfəkkür və dünyagörüşünün formalaşması müasir dünyanın əsas tələbidir. Məhz bu tələblər nəzərə alınaraq, ölkəmizdə elm və təhsilin inkişafına ölkə rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərildiyini deyən akademik "İnformatika"nın gələcək inkişafı istiqamətində Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə fəaliyyət göstərdiklərini qeyd edib, bu sahənin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Belə ki, ölkəmizdə İnformatika fənni üzrə olimpiada hərəkatı vüsət almaqdadır, bu sahədə xüsusi istedadlı şagirdlərin hazırlanması diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Təhsil Nazirliyi, RYTN və AMEA-nın dəstəyi ilə hər il ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadaları təşkil olunur. Belə olimpiadaların təşkili İKT sahəsində innovasiyaların daha sürətlə vüsət almasında gənc kadrların rolunu artırır, innovativ təfəkkürə malik gənclər də öz növbəsində innovasiyaların geniş tətbiqi prosesinə töhfə verirlər. Bu inkişafın əsasında isə "İnformatika" fənninin uğurlu tədrisi dayanır:
"Bu gün artıq informasiya cəmiyyəti quruculuğunda İKT-nin bütün sahələrə nüfuzu dərinləşir, tətbiqi genişlənir. Bunun sayəsində vaxtilə digər fənlər sırasında köməkçi fənn kimi çıxış edən "İnformatika" fənni hazırda əsas, aparıcı fənnə çevrilib".
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL