“Koçsistem” ölkəmizdə yeni layihələr reallaşdıracaq
Bu gün "Koçsistem-Azərbaycan" şirkəti tərəfindən "Telekommunikasiya sektorunda informasiya texnologiyaları həlləri" mövzusunda mətbuat konfransı keçirilib.
Şirkətin direktoru Əli Kutvan əvvəlcə təmsil etdiyi şirkətin "texnologiyada 70 illik təcrübə"sindən danışaraq bildirib ki, İT sektorunda şirkətlərin uzun müddət fəaliyyət göstərməsi onların bazarın tələblərinə uyğun işləməsi və yenilikçi olması ilə əlaqədardır. Heç də bütün İKT şirkətlərinin dayanıqlı olmadığını önə çəkən Ə.Kutvanın sözlərinə görə, dünyada yaradılan İT firmaların böyük əksəriyyəti bir neçə müddətdən sonra bağlanılır:
"Bütün dünya üzrə İT sistemi o qədər sürətli şəkildə dəyişir ki, onun təsiri altında İT şirkətlərinin ömrü qısalır. Əgər biz dünya təcrübəsinə nəzər yetirsək görərik ki, İKT şirkətlərinin əksəriyyətinin ömrü 5 ili keçmir. Məsələn, Türkiyədə yaradılan İKT şirkətlərinin 80 faizi 5 illik müddəti aşa bilməyib. Almaniyada bir İT şirkətinin orta ömrü 17-20, digər Avropa ölkələrində isə 30-40 ildir. Ancaq "Koçsistem" şirkəti özünün 70 illik fəaliyyəti ilə müştərilərimizin etibarını qazanıb. Biz 70 illik bir inkişaf yolu keçmişik. Bu müddətdə də yaşamağımız yalnız müştəriyə dəyər verməyimizdən və bazarın tələblərini qarşılamağımızdan asılı olub".
"Koçsistem"in Azərbaycanla əlaqədar böyük planlarının və layihələrinin olduğunu qeyd edən Ə.Kutvan deyib ki, qardaş ölkənin qlobal aləmdə İT üzrə apardığı rəqabətə töhfə vermək istəyirlər. Bu istiqamətdə həm ölkə daxili , həm də xarici üçün İT məhsullar hazırlamaq istədiklərini vurğulayan Kutvanın sözlərinə görə, yaxın zamanlarda layihələrin icrasına başlayacaqlar.
Daha sonra "Koçsistem" şirkətinin satış meneceri Görkəm Gökcə təmsil etdiyi şirkətin Azərbaycanda 3 ildir ki fəaliyyət göstərdiyini önə çəkib. Bu müddət ərzində bir çox uğurların əldə olunduğunu vurğulayan satış meneceri qarşıdakı illərdə də İT sektorunda böyük nailiyyətlər qazanacaqlarına əminliyini ifadə edib. O bildirib ki, Azərbaycanın İKT sektoru inkişaf etdikcə şirkətlərin fəaliyyətində də genişlənmələr, uğurlar çoxalır.
70 il ərzində "Koçsistem"in həyata keçirdiyi iri layihələrdən danışan G.Gökcə şirkətin 2001-ci ildə Ankarada, 2014-cü ildə isə İstanbulda Data Mərkəz qurduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Türkiyədə həyata keçirilən bütün İKT layihələrində "Koçsistem"in böyük paya sahib olduğunu deyən satış meneceri qardaş ölkənin bank, təhlükəsizlik və sair sahələrdə həllər tətbiq etdiklərini bildirib. Təmsil etdiyi şirkətin yeni həllər üzərində işlədiyini önə çəkən satış meneceri əlavə edib ki, onların bazara etdikləri təkliflər arasında bulud texnologiyalar və bu sahədə təqdim edilən xidmətlər də var.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL