MHM direktoru: “Bu gün artıq “Elektron hökumət” portalının bütün platforması “Microsoft” məhsulları üzərində fəaliyyət göstərir”
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM) “Elektron hökumət” bülleteninin növbəti sayına həsr olunmuş brifinq keçirilib.
Brifinqin ənənəvi xarakter aldığını xatırladan MHM direktoru Nail Mərdanov əvvəlcə “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını qeyd edib.
Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2015-ci ilin avqust ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 8,830,631 daxilolma qeydə
alınıb.
Portala müraciət edənlərin ümumi sayı isə 2,432,598 nəfər olub. Belə ki, 2,432,598 nəfər ümumən 8,830,631 dəfə portala baxıb və 15,410,364 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 30,293,235 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 21 saniyə olub. Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 27.6%-ni yeni istifadəçilər, 72.4%-ni
isə təkrar müraciət edənlər təşkil edib.
Avqust ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 625,695 daxilolma qeydə alınıb.
Portala müraciət edənlərin ümumi sayı isə 212,317 nəfər olub. Həmin şəxslər 1,965,445 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 1,237,100 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 34 saniyə təşkil edib. Avqust ayı ərzində portala müraciət edənlərin 21.1%-ni yeni istifadəçilər, 78.9%-ni isə təkrar müraciət edənlər təşkil edib:
“Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 298,417-yə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 409 olub”. MHM direktoru daha sonra vahid portalla bağlı həyata keçirilən yeniliklər haqda ətraflı məlumat verib. Qeyd edilib ki, “Elektron hökumət” portalının operatoru RYTN və Mərkəzi Bank arasında əməkdaşlıq sayəsində “Hökumət Ödəniş” portalı yenilənərək, “Elektron hökumət” portalına inteqrasiya edilib. Həmçinin MHM 2014-cü ildə aldığı İSO 27001:2005 sertifikatını yeniləyərək, İSO 27001:2013 beynəlxalq standartı üzrə sertifikata layiq görülüb, bununla da MHM Azərbaycanda “Microsoft” şirkətinin Gümüş tərəfdaşları sıralarına daxil olan ilk dövlət müəssisəsi adını qazanıb: “Bu gün artıq “Elektron hökumət” portalının bütün platforması “Microsoft” məhsulları üzərində fəaliyyət göstərir. Biz də maraqlıyıq ki, hazırladığımız məhsullar “Microsoft” şirkətinin qoyduğu standartlar çərçivəsində olsun”.
Brifinqdə iştirak edən “MilliKart” Prosessinq Mərkəzinin rəhbəri Cəlal Orucov, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı, “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov, Azərbaycan internet forumunun prezidenti Osman Gündüz də “Elektron hökumət” portalında tətbiq edilən yeniliklər, perspektiv planlar haqda fikirlərini paylaşıblar.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL