Səlim Müslümov: “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanı yaradılacaq”
Ölkə başçısının “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” fərmanının icrası ilə əlaqədar görüləcək işlərə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) mətbuat konfransı keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevin tapşırığına əsasən, son illərdə nazirlik tərəfindən aparılan islahatların mühüm bir istiqamətinin tibbi-sosial ekspertiza xidmətinin şəffaflaşdırılmasına, bu sahədə müasir fəaliyyət sisteminin formalaşdırılmasına yönəldiyini vurğulayıb.
Nazir son illərdə əlillik təyinatlarının avtomatlaşdırılması işlərinə də başlandığını, yeni elektron informasiya sisteminin əlillik müayinələrinin aparılması üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsinə imkan verdiyini qeyd edib: Fərman Azərbaycanda əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə əsaslı təminat yaradır. Fərmanın məqsədi vətəndaşların əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir.
Bu sənədlə qarşıya qoyulan vəzifələrdən biri kimi, ƏƏSMN-in mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılacaq. Fərmana əsasən, nazirlik üç ay müddətində əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanı yaratmaq məqsədi ilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə edəcək.
Həmçinin vətəndaşların müraciətləri, keçirilmiş müayinələr, qəbul edilmiş qərarlar barədə məlumatlar elektron şəkildə real vaxt rejimində TSERAS-a ötürüləcək. Digər tərəfdən, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları əldə edə bilmələri üçün müayinə olunan şəxslərin, işəgötürənlərin və fəaliyyəti ilə bağlı bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə TSERAS-a çıxışı təmin olunacaq”.
Nazir Fərmana uyğun olaraq, səhiyyə, habelə rabitə və yüksək texnologiyalar nazirliklərinin də müvafiq işləri yerinə yetirəcəklərini diqqətə çatdırıb: “Sənəddə Səhiyyə Nazirliyi tərəfindən iki ay müddətində şəxslərin əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin yaradılması və ƏƏSMN-in “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışının təmin edilməsi nəzərdə tutulur. Bu göndəriş barədə məlumatların müayinəyə göndərilən şəxslər tərəfindən elektron formada əldə edilə bilməsi üçün Səhiyyə Nazirliyi müvafiq informasiya-proqram resurslarını “Elektron hökumət” portalına əlavə edəcək. Həkim-məsləhət və ya hərbi-həkim komissiyaları fəaliyyət göstərən dövlət orqanlarına isə tapşırılır ki, həmin göndərişləri rəsmiləşdirildiyi gün gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil etsinlər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə iki ay müddətində qeyd olunan informasiya-proqram resurslarının “Elektron hökumət” portalına inteqrasiyasını, müvafiq dövlət qurumlarına onlardan istifadə edə bilmək imkanının yaradılmasını, habelə göndərişləri təqdim edən səlahiyyətli şəxsləri gücləndirilmiş elektron imza ilə təmin edəcək”.
S.Müslümov bildirib ki, aparılan təhlillər reabilitasiya səviyyəsinin aşağı olduğu bir şəraitdə əlilliyi olan şəxslərin dəfələrlə (I qrup üzrə 3, II qrup üzrə 11, III qrup üzrə ortalama 30-35 dəfə) təkrar əlillik üçün müraciət etmələrinin həm bu kateqoriyadan olan vətəndaşlar arasında narazılığa səbəb olduğunu, digər tərəfdən bu sahədə məmur-vətəndaş təmaslarını artırmaqla mənfi halların yaranması riskini artırdığını göstərir:
“Fərman bu sahədə çox uğurlu islahata şərait yaradır. Belə ki, fərmana əsasən, Nazirlər Kabineti birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılması və təkrar müayinə sayının azaldılması nəzərdə tutulmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər edəcək. Beləliklə də bir il ərzində təkrar əlillik müayinələrindən keçən vətəndaşların sayının 275-280 min nəfərdən 35-40 min nəfərə qədər azalmasına, bununla da əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına nail olunacaq”.
Bu islahat tədbiri ilə bağlı bir sıra işlərin görüləcəyini qeyd edən nazir müvafiq dövlət qurumları ilə birgə və səmərəli fəaliyyət nəticəsində Fərmanın icrası işlərinin uğurla və vaxtlı-vaxtında yerinə yetiriləcəyinə əmin olduğunu vurğulayıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL