waplog

Beynəlxalq Telekommunikasiya İttifaqı 2 milyard insanın maliyyə xidmətlərindən istifadəsini təmin edəcək


Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) rəqəmli maliyyə xidmətləri üzrə operativ qrupu (DFS) insanları maliyyə xidmətləri ilə əhatə etmək məqsədilə dünyanın ən mürəkkəb sosial-iqtisadi problemlərindən birinin - dünyanın yoxsul 2 milyard əhalisinin rəsmi maliyyə xidmətlərindən istifadəsinin həlli üçün beynəlxalq telekommunikasiya cəmiyyətlərinin və maliyyə xidmətlərinin birgə fəaliyyətinin müzakirə olunacağı qlobal iclas keçirməyə hazırlaşır.

Bu barədə BTİ-nin rəsmi məlumatında deyilir.  
 
30 ölkənin 60 təşkilatını təmsil edən nümayəndələrdən ibarət operativ qrupun məqsədi telekommunikasiya sahəsində tənzimləyici orqanlar və maliyyə xidmətləri, eləcə də özəl və dövlət sektorları arasında fərqin aradan qaldırılmasıdır. "DFS" nümayəndələri hazırda bank xidmətləri ilə əhatə olunmayan əhaliyə maliyyə xidmətlərinin göstərilməsini əngəlləyən bir sıra mühüm məsələləri praktiki müzakirə edəcəklər.
 
"Mövcud mobil rabitə şəbəkələrinin və mobil telefonlardan istifadənin sürətli artımı sayəsində nağd əməliyyatların çox hissəsi rəqəmli formaya keçirilə bilər. İnnovativ rəqəmli ödənişlər sistemi əməliyyat xərclərini 90 faiz azaltmaqla maliyyə müəssisələrinə, mobil rabitə operatorlarına və yeni xidmət tədarükçülərinə əhalinin aztəminatlı təbəqəsinin ehtiyacları üçün nəzərdə tutulan innovativ maliyyə məhsulları yaratmağa imkan verəcək", - operativ qrupun sədri və Bill və Melinda Qeyts Fondunun proqramlar üzrə baş əməkdaşı Saşa Polverini bildirib.  
 
İlkin nəticələrin sentyabrın 30-dan oktyabrın 2-dək Kuala-Lumpurda, eləcə də dekabrda Cenevrədə növbəti iclasda müzakirə ediləcəyi gözlənilir.
 
Son hesabatların 2016-cı ilin sonunda dərc edilməsi nəzərdə tutulur.
 
"Mobil rabitənin maliyyə xidmətlərinin göstərilməsi məsələsində oynaya biləcəyi rolu nəzərə alan BTİ müstəsna mövqe tutmaqla dünya telekommunikasiya və maliyyə xidmətləri sahələrinin tənzimləyici orqanlarının nümayəndələrini daha yaxşı anlaşmaya xidmət edən və praktiki həlləri təmin edən ümumi beynəlxalq struktur hazırlamaq üçün bir araya gətirir", - BTİ katibi Houlin Çjao qeyd edib.  
 
 
Məlumat üçün bildirək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır, - "ITU www.itu.int" yazır. 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL