waplog

“Made in Azerbaijan” şüarı altında təqdim edilən yeni sistem beynəlxalq auditoriyanın marağına səbəb olub


Fransada  keçirilən  "World Smart Week 2015" konfransı işini başa vurub.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, elektron/mobil eyniləşdirmə, ünsiyyətsiz xidmətlər, "ağıllı" infrastruktur həlləri və kibertəhlükəsizlik mövzularına həsr edilmiş dünya üzrə ən nüfuzlu tədbirlərdən biri olan "World Smart Week 2015"-də qlobal İT sənayesinin nümayəndələri "Əşyaların interneti" (Internet of Things), maşınlararası kommunikasiya (M2M), elektron mühitdə təhlükəsizlik, ünsiyyətsiz texnologiyalar və digər sahələrdə mövcud olan innovativ trendlər və yeni imkanlara dair fikir mübadiləsi aparıblar.
 
"World Smart Week 2015" həftəsi çərçivəsində keçirilən "World e-ID & Cybersecurity" konfransında "Asan İmza" mobil autentifikasiya və imzalama texnologiyasının yaradıcısı və operatoru "B.EST Solutions" şirkətinin təsisçisi Yana Krimpe "Mobil ID – elektron xidmətlər üçün güclü autentifikasiya aləti" mövzusunda təqdimatla çıxış edib.
 
O, konfrans iştirakçılarına Azərbaycanın elektron xidmətlərə girişin sadələşdirilməsi və "Asan İmza" mobil autentifikasiya və imzalama texnologiyasının köməyilə mobil hökumət konsepsiyasının tətbiqi sahəsindəki təcrübəsi barədə ətraflı məlumat verib.
 
"Mobil ID – elektron hökumətdən mobil hökumətə doğru" adlı plenar sessiya çərçivəsində baş tutmuş təqdimat zamanı həmçinin dövlət və özəl sektorların tərəfdaşlığı əsasında mobil ID infrastrukturunun yaradılması, "Asan İmza" texnologiyasının fəaliyyət mexanizmi və bu texnologiyanın elektron xidmətlərdən dünyada analoqu olmayan ölkələrarası onlayn platformalaradək istifadəsinə dair nümunələr nəzərdən keçirilib.
 
Konfrans iştirakçıları mobil ID xidmətinin mərkəzləşdirilmiş qarşılıqlı münasibətlər mexanizmi əsasında fəaliyyət göstərən və bütün aidiyyəti tərəflər üçün elektron təhlükəsizliyi ən yüksək səviyyədə təmin edən Azərbaycan modeli ilə tanış edilib.
Tədbir zamanı, cəlbedici ixrac potensialına malik olan və mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə "Made in Azerbaijan" şüarı altında təmsil edilən "Asan İmza" texnologiyası beynəlxalq auditoriyanın böyük marağına səbəb olub.
 
"World e-ID & Cybersecurity" konfransının işində Azərbaycanla yanaşı, Avstraliya, İspaniya, Fransa, ABŞ, Almaniya, Böyük Britaniya, Norveç, Estoniya, Çexiya, Çin və digər ölkələrdən 80-dən artıq məruzəçi iştirak edib. "World Smart Week 2015" həftəsi  – ümumilikdə 250 məruzəçinin və 1500 iştirakçının qatıldığı beş nüfuzlu konfransı ("Smart Contactless World", "M2M Innovation World", "World e-ID & Cybersecurity", "Connect Security World", "Smart Cities Day") və "Smart Innovation Show" sərgisini əhatə edən beynəlxalq tədbirdir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL