Eduardo Zuain: “Ölkələrimizin nüvə enerjisinin dinc məqsədlər üçün istifadə edilməsi və kosmik texnologiya sahəsində münasibətlərin inkişafı üçün geniş potensialı var”
Azərbaycan və Argentina arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Argentina Respublikasının xarici işlər nazirinin müavini Eduardo Zuain arasında görüş keçirilib.
İki ölkə arasındakı ikitərəfli siyasi münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirən nazir müavini Xələf Xələfov ticarət-iqtisadi münasibətlərin ölkələrimizin potensialına cavab vermədiyini, informasiya texnologiyaları, kənd təsərrüfatı, energetika, turizm, sənaye kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.
Mütəmadi əsasda siyasi məsləhətləşmələrin aparılmasının sözügedən sahələrdə yeni imkanların müəyyən edilməsində əhəmiyyətini vurğulayan X.Xələfov ölkəmizin təşəbbüsü və iştirakı ilə regionumuzda gerçəkləşdirilən layihələr və onların əhəmiyyəti haqqında danışıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir müavini, həll olunmamış münaqişələrin regionumuz üçün böyük təhdid olduğunu, eləcə də regionun inkişafına böyük maneələr yaratdığını söyləyib.
Azərbaycanda olmasından məmnunluğunu bildirən argentinalı diplomat Birinci Avropa Oyunlarının möhtəşəm təşkilinə görə ölkəmizi təbrik edib. Azərbaycanın energetika sahəsində böyük təcrübəsinin olduğunu diqqətə çatdıran Eduardo Zuain ölkəmizin təcrübəsinin öyrənilməsi baxımından rəsmi Buenos-Ayresin əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Həmçinin, nüvə enerjisinin dinc məqsədlər üçün istifadə edilməsi və kosmik texnologiya sahəsində münasibətlərin inkişafı üçün geniş potensialın olduğunu bildirən E.Zuain mədəniyyət günlərinin keçirilməsinin və hər iki ölkənin diplomatik akademiyaları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyini söyləyib.
Argentinanın ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesini dəstəklədiyini söyləyən E.Zuain beynəlxalq təşkilatlarda işləmə mexanizminin olmamasının münaqişələrin həllinin uzanmasında əsas amil olduğunu və bu səbəbdən BMT sistemində köklü islahatların aparılmasının vacibliyini bildirib.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL