ÇESTER KARLSON - çap texnologiyasında inqilab yaratdı
Dünyanın ilk kseroqrafik təsviri
"Persona" rubrikasında XX əsrin ən böyük ixtiralarından birinin yaradıcısı olan Çester Karlson haqqında söhbət açacağıq. O, elektroqrafiya adlandırılan çap üsulunu fikirləşdi. Bu əsasda yaradılan surətçıxarma aparatı ən çox ehtiyac duyulan qurğulardan oldu. Bildiyimiz kimi, hazırda da qurğu öz aktuallığını qoruyub saxlamaqdadır. Karlson bu ixtirası sayəsində adını çap texnologiyaları tarixinə qızıl hərflərlə yazdırdı.
Çester Karlson 1906-cı il, 8 fevral tarixində Sietldə İsveç mühacirinin ailəsində dünyaya gəlib. Atası və anası xəstə olduğundan Çester artıq on dörd yaşından işləməyə və ailəyə maddi cəhətdən kömək etməyə başlayır. O, çətinliyə baxmayaraq "Riverside Junior College" kollecini bitirərək Kaliforniya Texnologiya İnstitutuna daxil olur. Karlson 1930-cu ildə fizika sahəsində bakalavr dərəcəsinə layiq görülür, 1936-cı ildə "New York Law School" hüquq təhsil müəssisəsinə qəbul olur.
O, Nyu-Yorkda "Bell Telephone Laboratories" laboratoriyasında çalışmağa başlayır. Ancaq böyük böhranın başlanması ilə vəziyyət dəyişir, gələcək ixtiraçı işdən çıxarılır. Bir ildən sonra Karlson "PR Mallory Company" (hal-hazırda Duracell) şirkətində çalışmağa başlayır, tezliklə patent bölməsinin rəhbəri olur.
Kseroks aparatının yaradılması onun adı ilə bağlıdır
Karlson həmin bölmədə çalışan zaman sənədlərin surətinin çıxarılması problemi ilə qarşılaşır. O, kağıza təsvirlərin daşınmasının daha sürətli və rahat üsulunu tapmaq qərarına gəlir.
Lakin onu da qeyd etmək lazımdır ki, Çester əvvəldən bu sahə ilə yaxından maraqlanırdı. Belə ki, müsahibələrinin birində ondan niyə bu sahə üzrə tədqiqatlara başladığını soruşduqda belə cavab verir:
"Uşaqlıqdan mən təsviri incəsənətə laqeyd deyildim. Artıq məktəbin ilk siniflərində yazı maşını arzusunda idim. Böyük siniflərdə mən kimya ilə maraqlanırdım və həvəskar kimyaçılar üçün kiçik jurnalı çıxarmaq istəyirdim. Mən dərsdən sonra bir nəşriyyatçının yanında çalışırdım, o, mənə öz köhnə çap maşınını satdı. Faktiki olaraq mən onu maaşın yerinə aldım. Məhz bu məni başqa çap texnologiyaları haqqında düşünməyə vadar etdi. Mən kiçik bloknot götürdüm və vaxtaşırı bu məsələ ilə bağlı öz fikirlərimi qeyd etdim".
Bu qeydlər gələcəkdə ona ideyasını həyata keçirməkdə çox kömək edəcəkdi.
Çester Nyu-York İctimai kitabxanasında mövcud olan texniki ədəbiyyatları araşdırmağa başladı. Onun diqqətini bir macar aliminin işıq təsiri altında öz elektrik xüsusiyyətlərini dəyişdirən maddələrlə sınağı cəlb etdi. Elektroqrafiya ideyası belə yarandı.
Çester Karlson təcrübə aparırdı. İlk sınaqları istedadlı alim mətbəxdə, elmdən uzaq bir şəraitdə keçirirdi. Tezliklə o, Avstriya fiziki Otto ilə əməkdaşlıq etməyə başladı. O, bir müddətdən sonra şəxsi laboratoriyanı yaratdı. Çester böyük səylə və inamla çalışmaqda davam edirdi.
Bu sahədə elmi nailiyyətləri ətraflı öyrəndikdən sonra o, şəxsi texnologiyasını 1938-ci ilin 22 oktyabrında tamamladı.
İlk vaxtda kserokopiya kükürd qatı ilə örtülmüş sink plastinkada alınmışdı. O, statik yük və plastinkanın şüalanması vurulmuş yazılı şüşə vasitəsi ilə kükürdün qatına yazını daşıdı. Yapışmış toz zərrələri oxumağa imkan verdi: "10-22-38 ASTORIA". Ancaq təkmil surətçıxarma texnologiyasına çatmaq üçün hələ illər lazım idi.
Çester Karlsona elektrostatik üsuldan istifadə etməyi uğur qazandırdı. Belə ki, ona qədər bu problemin həlli üçün fotoqrafik və kimyəvi proseslər tətbiq olunurdu. Bu üsuldan istifadə də uğursuzluqla nəticələnirdi.
Bu texnologiyaya patent 1942-ci il, 6 oktyabr tarixində alındı.
Onun ixtirası çap texnologiyaları sahəsində inqilab etdi
Çester Karlson "General Electric", "IBM", "RCA" kimi nüfuzlu şirkətlərə müraciət etdi, amma bu layihəyə sərmayə qoymağa cəlb edə bilmədi. Çester Karlsonun ixtirası heç kəsi maraqlandırmırdı. Yalnız 1944-cü ildə o, qeyri-kommersiya təşkilatı olan "Battelle Memorial Institute" ilə razılaşma imzaladı. Bu, dönüş nöqtəsi idi. Orada ona texnologiyanı təkmilləşdirməyi təklif etdilər və hətta bu prosesin adı üçün dəqiq söz tapdılar – "elektroqrafiya".
1947-ci ildə "Haloid Company" şirkəti ixtiraçı Çester Karlsondan surətçıxarma qurğusunun patentini satın aldı. Sənədlərin kopyalanması prosesi "xerography" (yunan dilində "xeros" – "quru" və "graphia" – "yazma") adlandırıldı, Karlson qurğunu "Xerox" adlandırmağı təklif etdi.
Şirkətin ilk surət aparatı "Model A" 1949-cu ildə çıxarılıb və 1959-cu ildə "Xerox 914" adlı ilk avtomatik ofis surətçıxarma qurğusu bazara çıxarılıb. Bu qurğu da sənədləri kağız üzərinə köçürməyə imkan verib. "Xerox 914" ilə şirkət sürətli inkişaf yoluna qədəm qoydu.
"Haloid" şirkətinin adı 1961-ci ildə "Xerox Corporation" adı ilə əvəz olundu. Ən müvəffəqiyyətli beynəlxalq korporasiyalardan birinin tarixi belə başlandı və "Xerox" faktiki olaraq brend oldu.
"Xerox 914" o qədər populyar idi ki, 1961-ci ildə şirkətin gəliri təxminən 60 milyon dollar təşkil etdi, 1965-ci ildə artıq 500 milyon dolları ötürdü.
Bir neçə il ərzində surətçıxarma texnika bazarı çoxmilyardlı biznesə çevrildi və indi "Xerox"-dan başqa İT sənayesinin başqa nəhəngləri də bu bazarda işləyir.
İxtirası Karlson Çesterə 150 milyon dollar qazandırıb, ondan 100 milyonunu xeyriyyə işlərinə sərf edib.
Çester Karlson 1968-ci ilin 19 sentyabrında Nyu-Yorkda küçədə gəzinti zamanı qəfildən vəfat edib. Göründüyü kimi, istedadlı tədqiqatçı və ixtiraçı öz xəyalını həyata keçirib və nəsillərin minnətdarlığına layiq olan faydalı bir həyat yaşayıb.
Cahangir Atakişiyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL