waplog

Data Mərkəz istismara tam hazırdır


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "AzInTelecom" MMC tərəfindən inşa edilən Data Mərkəz Respublikamızda və bütövlükdə Qafqaz regionunda ilk sertifikatlaşdırılmış mərkəz olaraq uğurlu test sınaqlarından keçmiş və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

 

Bu günlərdə RYTN-nin Məlumat və Hesablaşma Mərkəzinin (MHM) rəhbərliyi və qrup mütəxəsssislər texnoloji infrastrukturla yaxından tanış olmaq üçün "AzInTelecom" MMC-nin Data Mərkəzinə səfər ediblər.
 

Ölkəmizin bu gün qarşıya qoyduğu əsas məqsədlərdən biri respublikamızı regionun tranzit informasiya mərkəzinə çevirməkdir. Bu istiqamətdə daha bir ilkə imza atılması – ölkəmizdə Data Mərkəzin qurulması bizi bu məqsədin reallaşmasına bir addım da yaxınlaşdırır.
 

Respublikamızda Data Mərkəzin yaradılmasının başlıca amilləri:
 

Ölkəmizdə İKT sahəsinin artan xətlə inkişaf etməsi, çoxsaylı informasiya resurslarının və xidmətlərinin yaradılması, onlardan istifadənin genişlənməsi və texnologiyaların inkişafından irəli gələn məlumat tələbatının çoxalmasıdır. Digər bir amil isə ölkəmizin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasının genişlənməsi və dünyada informasiya həcminin gündən-günə artmasıdır.
 

Regionda fəaliyyət göstərəcək, məlumatların emalı və saxlanılmasını təmin edəcək Data Mərkəz ABŞ-ın "Uptime İnstitute" təşkilatı tərəfindən uğurla test sınaqlarından keçərək Tier III səviyyəsinə uyğun beynəlxalq sertifikatını əldə edib.
 

Qeyd edək ki, Data Mərkəzin istismara verilməsi bulud servislərinin populyarlaşmasına və bulud texnologiyalara keçid prosesini sürətləndirməyə imkan yaradacaqdır. Regional mərkəz bütün dünya operatorlarının Azərbaycan bazarına cəlb edilməsinə xidmət edəcək və dünya üzrə iri İT xidmətləri provayderlərinin Data Mərkəzdə öz infrastrukturunun yaradılmasına müsbət təsir edəcək. Bundan başqa, Data Mərkəzin bank və digər maliyyə qurumları tərəfindən istifadə olunması üçün tələb olunan PCİ DSS standartının tətbiqi əsas hədəf kimi qarşıya qoyulur.
 

Tier III səviyyəli Data Mərkəzlərdə iş fəaliyyəti 99,982 % etibarlılıq səviyyəsi ilə təmin olunur və il ərzində yol verilə bilən dayanma vaxtı 1,6 saat təşkil edir. Bütün bunlar texniki şərtlərdə nəzərə alınmış, mühəndis altsistemləri rezervasiya olunmuşdur. Mərkəzin Tier III səviyyəsində qurulması bugünkü reallığa cavab verir. Tier III kateqoriyasının əsas fərqləndirici xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi və ehtiyat telekommunikasiya infrastrukturu daxildir.
 

"AzInTelecom" MMC-nin Şəbəkə Texnologiyaları şöbəsinin rəisi Füzuli Məlikovun sözlərinə görə hal-hazırda bir sıra böyük yerli və xarici şirkətlər Data Mərkəzə İT-infrastrukturlar yerləşdirməkdə maraqlıdırlar və bu istiqamətdə danışıqlar aparılır. Onu da əlavə etdi ki, "Sifarişçilər arasında bölüşdürüləcək resurslar artıq planlaşdırılıb". Məlumat emalı mərkəzi ümumi sahəsi 1000 kv. m, kollokasiya sahəsi 462 kv. m olan sahədə yaradılıb. Server rəflərinin sayı 56 ədəd, massivin həcmi 30 petabayt, verilənlərin ötürülmə sürəti saniyədə 10-100 GbE təşkil edir. Tələbatdan asılı olaraq, gələcəkdə Data Mərkəzin gücünün artırılması nəzərdə tutulur.
 

F. Məlikov bildirdi ki, bu günə qədər ölkəmizdə belə bir mərkəz olmadığından hər bir böyük müəssisənin əgər belə demək mümkünsə özünə məxsus "Data Mərkəz"-i vardır. Əlbəttə ki, təhlükəsizlik baxımından o qədər də güvənli və əlverişli olmayan bu mərkəzlərdə bir neçə İT mütəxəssisləri, sistem adminstratorları və s. çalışırlar. Bu isə müəyyən maliyyə itkisinə səbəb olur. Texnoloji innovasiyaları özündə əks etdirən bu Data Mərkəzdə informasiyanı yerləşdirmək müəssisəyə daha rahat, çevik və daha ucuz qiymətə başa gələcəkdir. Qiymətlər isə enerji sərfiyyatına, avadanlıqların amortizasiyasına və rəfin tutduğu yerə görə tənzimlənəcəkdir. Ümumiyyətlə, Mərkəzdə bütün istehlakçıların məlumatları - ən sadə məlumatdan daha mürəkkəbinə qədər, məlumatların həcmi və kateqoriyasından asılı olmayaraq, eyni dərəcədə - yüksək səviyyədə mühafizə ediləcəkdir. Ehtiyatlılığın təmin edilməsindən başqa, biometrik nəzarət sistemindən başlayaraq təhlükəsizlik sensorları və fiziki nəzarət sensorları daxil olmaqla altı pilləli təhlükəsizlik sistemi təmin ediləcəkdir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan qanunvericiliyinin məlumatların qorunması ilə ciddi tələbləri sayəsində müştərilərə məlumatların toxunulmazlığına dair tam zəmanət verilir. Nəzarət sistemi və serverlərin idarə edilməsi 3 növbəli iş rejimi 7/24 olmaqla bütün sutkanı əhatə edəcəkdir.
 

Data Mərkəzin resurslarından telefon operatorları, maliyyə təşkilatları, kiçik və orta sahibkarlıq subyektləri və eləcə də müxtəlif təşkilatlar informasiyanın qorunması və saxlanması üçün istifadə edə bilərlər. Emal prosesində hər hansı bir məlumatın sızmaması, ümumilikdə kənar müdaxilələrdən qorunmasının vacibliyi isə öz növbəsində informasiya təhlükəsizliyi məsələsinə diqqətin artırılmasını aktuallaşdırır. Bu baxımdan, Mərkəz Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) məhz Data Mərkəzlər üçün müəyyən etdiyi İSO/İEC-27001 informasiya təhlükəsizliyi standartına cavab verməlidirlər. Bu istiqamətdə də müvafiq təşkilatla işlər davam etdirilir. Onu da qeyd etmək lazımdır ki, hər Data Mərkəz maliyyə tranzaksiyalarının uğurla aparılması üçün zəruri olan bu tələblərə cavab vermək iqtidarında olmur.
 

Regional Data Mərkəz bütün dünya operatorlarının Azərbaycan bazarına cəlb olunmasına xidmət edəcək və dünya üzrə iri İT xidmətləri provayderlərinin bu Data Mərkəzdə öz infrastrukturunun yaradılmasına müsbət təsir edəcəkdir.
 

Respublikamız üçün olduqca önəmli və qürurverici əhəmiyyət daşıyan bu layihə İKT sahəsində güclü infrastrukturun qurulmasına yönəlmişdir. Bundan başqa Data Mərkəzin yaradılması yeni iş yerlərinin açılmasına imkan verəcəkdir. Bu baxımdan, layihənin iqtisadiyyata, ölkənin ümumi inkişafına verəcəyi töhfələri də gözləniləndir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL