waplog

İnformasiya texnologiyalarına bələd məktəb direktorlarının hazırlığı üçün təlimlər keçiriləcək


Ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların kompüter və təlim texnologiyalarına yiyələnməsi üçün təlimlər keçiriləcək.

Təhsil Nazirliyi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu sözügedən pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.
 
Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir. Nazirlikdən bildirilib ki, təlimlər yalnız Bakı şəhəri üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edəcək.
 
Təlimdə əhatə ediləcək mövzulara Kompüter və təlim texnologiyaları; Təhsildə keyfiyyətin idarəedilməsi; Təhsili idarəetmənin hüquqi əsasları; Təhsildə statistika və təhlil; Təhsilin idarəedilməsi və monitorinqi; Kurikulum: Nəzəriyyə və tətbiq və s. daxildir.
 
Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək. Müsabiqədə iştirak üçün minimum tələblərə gəlincə, ali pedaqoji təhsil və beş il pedaqoji iş təcrübəsi tələb olunur.
 
Namizədlərdən gözlənilən digər keyfiyyətlərə gəldikdə, İKT-dən istifadə bacarığı, liderlik bacarığı, yüksək motivasiyalılıq, səmərəli qərar qəbuletmə bacarığı, nəticəyönümlülük, məntiqi düşüncə bacarığı tələb edilir. Bu tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraq "telim@edu.gov.az" elektron poçt ünvanına göndərməlidirlər.
 
Nazirlikdən qeyd edilib ki, bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq:
 
 "Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir. Müraciət üçün son tarix: 31 oktyabr 2015-ci ildir. Seçim qaydalarına gəldikdə, təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin təlimlərə seçimi nəzərdə tutulur".
 
 
Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər.
 
Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL