waplog

“IBM” süni intellektin inkişafı üçün bölmə yaradıb


“IBM” şirkəti süni intellekt sahəsində texnologiyaların inkişafı ilə məşğul olacaq yeni bölmə yaradıb.
 
“Cognitive Business Solutions” adlanan bölməyə əvvəllər Hindistanın "Infosys” şirkətinin tərkibində konsaltinq məsələlərinə məsul Stiven Pratt rəhbərlik edəcək.
 
Əsas məqsədi korporativ müştərilərin "IBM Watson” koqnitiv hesablamalar platformasının tətbiqinin onlar üçün faydalı ola biləcəyi barədə məsləhətlərin verilməsi olacaq bölmədə 2 min əməkdaş çalışacaq. “Cognitive Business Solutions” və “IBM”-in potensial müştərisi ola biləcək şirkətlər arasında əməkdaşlıqda diqqət biznes analitikasına, informasiya təhlükəsizliyi və “Əşyaların interneti” texnologiyalarına yönəldiləcək.
 
ABŞ şirkəti "IBM Watson” superkompüterini analitik istiqamətin ən sürətli inkişaf edən komponenti adlandırır. 2014-cü ildə “Watson” intellektual platforması ilə əlaqədar biznesdən əldə olunan mədaxil 17 milyard dollar təşkil edib ki, bu da şirkətin ümumi dövriyyəsinin 18 faizinə uyğundur.  
 
Məlumat üçün qeyd edək ki, “Watson” 2011-ci ildə “Jeopardy!” televiziya viktorinasında qalib olandan sonra məşhurlaşmağa başlayıb. O vaxtdan superkompüterə kommersiya təşkilatları maraq göstərir. Məsələn, 2012-ci ildə ondan ABŞ-ın bir neçə klinikasında müxtəlif xəstəliklərin müalicəsinə tövsiyələr verməsi üçün virtual diaqnost kimi istifadə edilib. 
 
“IBM” mütəxəssisləri sistemin hazırlanmasına dörd ildən çox vaxt sərf ediblər. Superkompüter saniyədə təxminən 80 trilyon əməliyyatı (teraflops) yerinə yetirməyə qadirdir. 2 800 nüvə üzərində işləyən “Watson” prosessorunun operativ yaddaşı 16 terabayt təşkil edir.    
 
Superkompüterin ən mürəkkəb proqramlarından biri adi dildə daxil edilən sualları emal edən “DeepQA” proqramıdır. Məhz insan cümləsinin başa düşülməsi “Watson”u yalnız əsas sözlərə cavab kimi nəticələr göstərən adi axtarış sistemindən fərqləndirir, - "DailyComm” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL