waplog

Avstriya Azərbaycanda həyata keçirilən e-məhkəmə sistemi ilə maraqlanır


Avstriyanın ali, apelyasiya, regional və rayon məhkəmələrinin, Baş Prokurorluğunun və Ədliyyə Nazirliyinin 40 nəfərə yaxın nümayəndə heyəti ölkəmizə maraq göstərərək səfərə gəlib.
 
Nümayəndə heyəti ilə görüşündə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycan məhkəmə sistemində həyata keçirilən yeniliklərdən, elektron məhkəmə sisteminin qurulmasından, məhkəmə binalarının informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsindən məlumat verib.
 
Dövlətlərimiz arasında səmərəli əməkdaşlıq və dostluq münasibətlərinin səviyyəsini qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatları, o cümlədən yeni məhkəmələrin yaradılması, hakimlərin ən şəffaf seçimi və tədrisi, məhkəmə infrastrukturunun müasirləşdirilməsindən söz açıb.
 
 
Hüquqi sahədə qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayan nazir təcrübələrin bölüşdürülməsinin faydalı olacağını ifadə edib.
 
 
Hüquqi sahədə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyən nümayəndə heyətinin rəhbəri xanım Maria Vanke-Çzervenka ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, respublikamızın hərtərəfli dinamik tərəqqisinin şahidi olduğunu söyləyib, məhkəmə-hüquq sistemində aparılan islahatları maraqla qarşılayaraq, əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.
 
 
Səfər çərçivəsində qonaqlar respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərərək Ali Məhkəmədə görüş keçirilib, eləcə də Şəkidə ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti, o cümlədən inşası başa çatmaqda olan möhtəşəm məhkəmə kompleksi ilə tanış olaraq yaradılmış yüksək şəraitdən və qabaqcıl İKT-lərin geniş tətbiqindən heyranlıqlarını ifadə ediblər.
 
Onlar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binasına baş çəkərək ölkə Prezidentinin Sərəncamı ilə yaradılan "elektron məhkəmə" informasiya sisteminin sınaq rejimində tətbiqini izləyib və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən bu texnoloji yenilikləri təqdir ediblər.
 
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL