Ümumdünya Poçt İttifaqının yaranmasının ildönümü ilə bağlı “Azərpoçt”da tədbir keçirilib
Bu gün Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 141-ci ildönümüdür. Bu məqsədlə "Azərpoçt" MMC-nin akt zalında geniş tədbir keçirilib.
Tədbiri açıq elan edən "Azərpoçt" MMC-nin baş direktor müavini Sübhan Kazımov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.
S.Kazımov ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən poçt rabitəsi sahəsinin sürətlə inkişaf etdiyini bildirərək ÜPİ tərəfindən Azərbaycan poçtunun digər ölkələrə nümunə göstərildiyini təqdirəlayiq hal kimi dəyərləndirib. O, bu uğurda hər bir poçt işçisinin rolunu yüksək qiymətləndirib.
"ÜPİ, həmçinin Dünya Bankı bank və maliyyə xidmətlərinin tətbiqi sahəsində uğurlarımızı dəfələrlə yüksək qiymətləndirib. Bankın nümayəndələri ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən görüşlərdə bu məsələ geniş müzakirə olunub. Heç təsadüfi deyil ki, digər xidmətlərlə yanaşı, bu xidmətimizin tətbiqi mexanizminin öyrənilməsi bir çox ölkələrə tövsiyə olunub. Təcrübə mübadiləsi üçün artıq Moldova, İran, Litva, Qırğızıstan, Qazaxıstan kimi ölkələrin poçt operatorları bizə müraciət ediblər. Son illərdə aparılan məqsədyönlü tədbirlərin və yüksəksəviyyəli idarəetmənin nəticəsidir ki, "Azərpoçt" MMC 2013-cü ildə Keyfiyyətin idarə edilməsi üzrə ÜPİ-nin qızıl səviyyəli sertifikatına, cari ildə ÜPİ-nin ünvanlama standartı üzrə sertifikata, həmçinin sürətli poçt xidmətləri (EMS) üzrə 8 dəfə qızıl səviyyəli sertifikata layiq görülüb".
S.Kazımov daha sonra Respublika üzrə poçt müəssisələrinin qazandığı uğurlardan danışaraq vaxtilə dotasiya ilə işləyən müəssisələrin 30-a yaxınının tam rentabelliklə birincilik uğurunda mübarizəyə qoşulmasını ən böyük uğur kimi dəyərləndirib.
Tədbirdə çıxış edən veteran poçt işçiləri poçtun inkişafından danışaraq gənc kadrlara tövsiyələrini bildiriblər.
Sonda baş direktor Qənbər Bəybalayev tərəfindən imzalanan müvafiq əmrə əsasən, poçt sahəsində fərqlənən əməkdaşlara fəxri fərmanlar və pul mükafatları təqdim olunub.
Məlumat üçün bildirək ki, Ümumdünya Poçt Günü münasibəti ilə respublikamızın bölgələrində də tədbirlər keçirilib.
Bu gün həmçinin 2 yeni poçt şöbəsinin açılışı olub.
Qeyd edək ki, beynəlxalq poçt mübadiləsinin mütəşəkkil qaydada həyata keçirilməsi hazırda planetimizin bütün poçt işçiləri tərəfindən peşə bayramı günü kimi qeyd edilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranması ilə başlayıb. ÜPİ-nin yaradılması barədə müqavilə 1874-cü ildə İsveçrənin Bern şəhərində keçirilmiş Beynəlxalq Poçt konqresində imzalanıb. İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçmiş konqresdə ÜPİ-nin ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd – Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 200-ə yaxın ölkə təmsil olunur. Azərbaycan poçtu 1993-cü ildən ÜPİ-nin üzvüdür.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL