Azərbaycan gənclərinin xaricdə təhsil almasına dair Dövlət Proqramına birgə elmi tədqiqatların aparılması kimi yeni məqsədlər əlavə olunub
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı”nın cari ildə başa çatması nəzərə alınaraq, yeni Dövlət Proqramının layihəsi hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir. Yeni proqramda əvvəlki Dövlət Proqramının əhatə dairəsi genişləndirilib, əcnəbi professor-müəllim heyətinin Azərbaycanın ali təhsil müəssisələrində tədrisə cəlb edilməsi, onların iştirakı ilə birgə elmi tədqiqatların aparılması kimi yeni məqsədlər əlavə olunub. Təhsil naziri Mikayıl Cabbarov bu haqda prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib. Nazir bildirib ki, proqram üzrə cari ildə 373 nəfər, ümumilikdə isə proqramın qüvvədə olduğu 8 il ərzində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın aparıcı təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb:
“Bu günədək 1000-ə yaxın tələbə artıq məzun olub. Sonuncu Dövlət Proqramı təqaüdçülərinin 2021-ci ildə məzun olması gözlənilir, onlar da tibb təhsili alan gənclərdir. Hazırda məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Məzunların işlə təminatı sahəsində təcrübə və karyera layihəsi icra olunur. Layihə çərçivəsində məzunlar bir neçə dövlət və özəl qurumlarda təcrübə keçməyə başlayıblar”.
Qeyd edək ki, 2015-2016-cı tədris ili üçün gənclər Dövlət Proqramına yalnız müəyyən olunmuş prioritet ixtisas istiqamətləri üzrə müraciət ediblər. Prioritet ixtisas istiqamətlərinin əhatəliliyi genişləndirilib və yüksək texnologiyalar, sənaye, ekologiya kimi yeni ixtisas istiqamətləri əlavə olunub. Prioritet ixtisas istiqamətləri I və II dərəcəli olmaqla müəyyən edilib. Yüksək texnologiyalar sahəsi xaricdə təhsillə bağlı birinci dərəcəli prioritet ixtisas istiqamətləri sırasına daxil edilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL