waplog

Tam şəkildə kompüter və elektron resurslarla təchiz olunmuş Mərkəzi Elmi Kitabxananın açılış mərasimi keçirilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) oxucuların istifadəsinə verilməsi münasibətilə rəsmi açılış mərasimi keçirilib. MEK-dən bildirilib ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbir iştirakçılarını salamlayıb, elmi ictimaiyyəti və Akademiya əməkdaşlarını açılış mərasimi münasibətilə təbrik edib.
 
 
Yeni binanın inşa tarixindən danışan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, kitabxana fondlarının müasir tələblər səviyyəsində qurulması məqsədi ilə inşa edilib. Tam şəkildə kompüterlə təchiz olunmuş elektron kitabxananın fəaliyyətindən danışan akademik İsa Həbibbəyli burada internet resurslarına sərbəst çıxışın, daxili informasiya bazasında olan elektron kitabları birbaşa kompüterdə oxumaq imkanlarının, elektron kataloq sisteminin mövcud olduğunu bildirib. Akademik Mərkəzi Elmi Kitabxananın respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərə malik olan, regionun ən iri, eləcə də aparıcı elmi kitabxanası olduğunu bildirib, burada kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahələrində fəaliyyətin təşkil edildiyini vurğulayıb.
 
 
Tədbirdə Fələstinin və Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Nasir Əbdül Kərim və Həsən Hami, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi və digər qonaqlar çıxış ediblər. Müasir infrastrukturla təmin edilmiş, elmi-texniki yeniliklərə əsaslanan texnologiyalar tətbiq olunmuş Mərkəzi Elmi Kitabxananın elmi, mədəni və mənəvi irsi təbliğ etmək, oxucuları ümumbəşəri dəyərlərlə istiqamətləndirmək, onların
informasiya tələbatını ədəbiyyatla təmin etmək baxımından fəaliyyətini yüksək qiymətləndirib.
 
 
Sonra Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fəaliyyətindəki son yeniliklərlə bağlı qısa hesabatla çıxış edib.
 
 
Bildirib ki, ötən ilin noyabr ayından başlayaraq kitabxana fondları əsas binadan yeni binaya köçürülüb. Köçürülmə prosesindən sonra 3 ay müddətində Mərkəzi Elmi Kitabxana istifadəçilər üçün xidmətə hazırlanıb. Bu ilin sentyabrında isə kitabxana oxucuların istifadəsinə verilib. Həmçinin elmi təşkilatın yeni nizamnaməsi və strukturu təsdiq olunub. Yeni binada kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də fəaliyyətə başlayıb. Mərkəzin ən iri layihəsi olan “Milli rəqəmsal yaddaş” layihəsi üzrə ilkin işlər, o cümlədən digər sosial yönümlü layihələr həyata keçirilib. Bundan başqa kitabxananın fəaliyyəti ilə bağlı ən son məlumatları, keçirilən görüş, sərgi və mədəni-kütləvi tədbirlərə dair xəbərləri, foto və videomaterialları təqdim edən yeni konsepsiyalı, operativ veb-saytı və “Facebook” səhifəsi yaradılıb. Özündə elmi mənbələri toplayan beynəlxalq elektron resurslar açıq istifadəyə verilib. Kitabxananın könüllülər qrupu “Vikipediya”da Azərbaycana dair məlumatları zənginləşdirmək istiqamətində 2000-dən artıq gedişat edib.
 
 
L.İmanova çıxışında Azərbaycana dair informasiyaları idarəolunabilən strateji resursa çevirməyi və ölkədə fəaliyyət göstərən kitabxanalar ilə birlikdə dünya kitabxana-informasiya sisteminə bərabərhüquqlu iştirakçı kimi inteqrasiyanın Mərkəzi Elmi Kitabxananın əsas hədəfi olduğunu qeyd edib.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL