waplog

“Thomson Reuters”-in bazasına daxil olan “Applied and Computational Mathematics” jurnalı təsir əmsalına malik yeganə Azərbaycan jurnalıdır


Azərbaycanda dərc olunan, "Thomson Reuters" Agentliyinin Biliklər Bazasına daxil olan 3 elmi jurnal haqqında informasiya göstərir ki, "Applied and Computational Mathematics" jurnalı hələ də təsir əmsalına malik yeganə Azərbaycan jurnalıdır.
 
Bu fikirləri Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev AMEA Rəyasət Heyətinin iclasında səsləndirib. Akademiyadan qeyd olunub ki, F.Əliyev "Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti" mövzusunda məruzə ilə çıxış edib və bildirib ki, "Thomson Reuters" (TR) Agentliyinin Biliklər Bazası, bu bazanın imkanları, həmçinin bazaya daxil olan elmi jurnalların seçilmə meyarları elmi jurnalların fəaliyyətinin dəyərləndirilməsində ən mötəbər mənbədir.  Onun sözlərinə görə, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin "Nəzəri və tətbiqi riyaziyyat" jurnalı və Xəzər Universitetinin "Xəzər Humanitar və Sosial Elmlər" jurnalı "Thomson Reuters" daxilində yaradılmış "Emerging Sources Citation Index" bazasında yer alıb:
 
"Azərbaycanda 300-ə qədər elmi jurnal dərc olunur ki, bunlardan yalnız 18-i seçim üçün "Thomson Reuters" Agentliyinin Biliklər Bazasının texniki tələblərini ödəyir".
 
 
Sonda AMEA Rəyasət Heyəti məruzə ilə bağlı müvafiq qərarlar qəbul edib. Akademik Fikrət Əliyevə Azərbaycanda elmi nəşrlərin, xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi jurnallarının beynəlxalq bazalara inteqrasiyası səviyyəsinin yüksəldilməsi üçün əməli təkliflər hazırlayıb Rəyasət Heyətinə təqdim etməsi tapşırılıb.
 
Qərarın icrasına nəzarət AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədova həvalə edilib.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL