İnformatika fənni üzrə Beynəlxalq olimpiadalara hazırlaşacaq şagirdlərin seçim turu keçirilib
İnformatika, fizika, riyaziyyat, kimya, biologiya fənləri üzrə beynəlxalq olimpiadalara hazırlaşacaq VI-VIII və IX-XI sinif şagirdlərinin seçim turu keçirilib.
Aparılan seçimlərin əsas məqsədi 2016-cı ildə Beynəlxalq fənn olimpiadalarında Azərbaycanı təmsil edəcək namizəd şagirdləri müəyyənləşdirərək onlarla tədris ili boyunca hazırlıq işləri aparmaq və məktəblilərin beynəlxalq olimpiadalarda daha uğurlu çıxışlarını təmin etməkdən ibarətdir.
VI-VIII siniflər üzrə seçim turunda Azərbaycanın bir sıra bölgələrindən 300-dən çox şagird öz biliyini nümayiş etdirib. Turun nəticələrinə əsasən, hər fənn üzrə 20-25 şagird seçilib.
Beləliklə, istedadı və çalışqanlığı ilə seçilən 100-ə yaxın VI-VIII sinif şagirdi ilə tədris ili boyunca xüsusi proqram əsasında hazırlıq işləri aparılacaqdır. 2015-2016-cı tədris ilinin sonunda həmin şagirdlərin bir neçə beynəlxalq fənn müsabiqəsində iştirak etməsi gözlənilir.
IX-XI siniflər üzrə seçim turunda isə 500-dən çox şagird iştirak edib. Bu turda hər fənn üzrə 15-20 şagird seçilib. Tədris ili boyunca xüsusi proqram əsasında aparılacaq hazırlıq dərslərinə cəlb olunacaq həmin şagirdlər ilin müəyyən dövrlərində sınaq imtahanları verəcəklər. Sınaq imtahanlarının nəticələrinə əsasən, ilin sonunadək komanda üzvləri müəyyənləşdiriləcəkdir. Bununla belə, şagirdlər həm qış, həm yay tətili dövründə qış və yay olimpiada məktəblərinə cəlb ediləcəklər.
Bundan başqa, Azərbaycan məktəblilərinin fənlərə olan marağını artırmaq, istedadlı və çalışqan şagirdləri müəyyən etmək, onlara sağlam rəqabət hissi aşılamaq, şagirdlər arasında olimpiadalara həvəs oyatmaq məqsədilə ölkənin bütün şəhər və rayonlarında fənn müsabiqələrinin keçirilməsi planlaşdırılıb. Fənn müsabiqələri əsasən, fizika, kimya, biologiya və riyaziyyat fənni üzrə VII-VIII sinif şagirdləri arasında keçiriləcəkdir. İnformatika fənni üzrə müsabiqədə iştirak etmək istəyən şagirdlər isə "www.informatika.edu.az" internet səhifəsində qeydiyyatdan keçərək, orada təqdim olunan məsələləri həll etməlidirlər.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL