waplog

Əbülfəs Qarayev: “Nazirlik gələn ilin yayına kimi daha 5 xidməti elektronlaşdırmağı planlaşdırır”


“Nazirlikdə aparılan struktur islahatları, elektron xidmətlərin genişləndirilməsi və istifadəyə verilməsi çox əhəmiyyətlidir. E-xidmətlər həm vətəndaşların, həm də nazirlik işçilərinin işini asanlaşdırır, onların fəaliyyətini daha da səmərəli edir”. “İctneews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib. Ə.Qarayev hazırda dünyada gedən proseslər, informasiya texnologiyalarının inkişafının məlumatların qısa bir zamanda yayılmasını təmin etdiyini önə çəkərək qeyd edib ki, rəhbərlik etdiyi nazirlik də günün tələblərini qarşılamağa çalışır. “Bununla bağlı ölkəmizdə də müvafiq işlər görülür, “Elektron hökumət” portalı istifadəyə verilib. Mədəniyyət və Turizm Nazirliyi olaraq biz də bu sahədə öz işimizi günün müasir tələblərinə uyğun şəkildə qurmalıyıq. Ötən ilin axırlarında nazirlikdə islahatlar aparıldı və yeni şöbə yaradıldı. Bu gün nazirliyin yenilənmiş formada təqdim olunan saytı da həyata keçirilən struktur islahatlarının məntiqi nəticəsidir” – deyən nazir “Elektron hökumət” portalının insanlar üçün yaratdığı imkanlara toxunub. Əbülfəs Qarayev bildirib ki, “Elektron hökumət” vasitəsilə 17 istiqamət üzrə xidmətin həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb: “Biz 12 xidmətin həyata keçməsini təmin etmişik. Qalan xidmətlərin də gələn ilin yayına kimi həyata keçirilməsini planlaşdırırıq”.

Nazir elektron layihələr sırasında “GoMap”-ın işini xüsusi qeyd edib. Onun sözlərinə görə, Gürcüstan da bizim sistemimizə qoşulub. Türkiyə də bu sistemdən yararlanmaq istəyir. Gün ərzində 17 mindən çox insanın bu sistemdən yararlandığını önə çəkən nazir əlavə edib ki, bu rəqəmi qat-qat artırmaq olar. Bunun üçün elektron layihələr daha geniş miqyasda tanıdılmalı, ictimaiyyətə çatdırılmalıdır.

Nazir görülən təqdirəlayiq işlərlə yanaşı, bu sahədə çatışmazlıqların da olduğunu vurğulayıb. O bildirib ki, müasir dövrdə informasiyaların daha düzgün və operativ şəkildə işıqlandırılması vacibdir: “Mədəniyyət və turizm sahəsində çalışan hər bir şəxs keçirilən tədbirin, görülən işin işıqlandırılmasına çalışmalıdır. Əgər keçirilən tədbir işıqlandırılmasa, deməli, o tədbir heç keçirilməmişdir”.
 
Seymur Qasımbəyli 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL