“SSL” “Azerspace-2” layihəsinin peyk sistemi təchizatçısı seçildi
Qərargahı Kaliforniyanın Palo Alto şəhərində yerləşən və Kanadanın MDA korporasiyasına məxsus, kommersiya peyklərinin aparıcı təchizatçısı olan "Space Systems/Loral" (SSL) şirkəti "Azərkosmos" ASC tərəfindən Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci telekommunikasiya peykinin istehsalçısı seçilib.
Dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "Intelsat" ilə "Azərkosmos" ASC-nin uzunmüddətli razılaşmasına əsasən, 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək "Azerspace-2" Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək.
"SSL" şirkətinin Prezidenti Con Çelli "peyk operatorları ilə əməkdaşlıq sahəsində "SSL"-in böyük təcrübəsi var" - deyə qeyd edib.
"Biz "Azərkosmos"la "İntelsat"ın inkişaf hədəflərini dəstəkləyəcək bir peyk istehsal etməklə bu şirkətlərin birgə əməkdaşlıq layihəsinə öz töhfəmizi verməyi səbirsizliklə gözləyirik".
"Azerspace-2" "Azərkosmos"un sayca ikinci telekommunikasiya peyki olmaqla yanaşı, "Azerspace-1"-in əhatə zonasını genişləndirməklə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrikada Böyük Səhranın cənub regionlarında ödənişli televiziya, hökumət strukturları üçün rabitə xidmətləri və şəbəkə xidmətlərinə artan tələbatı qarşılayacaq.
Bu peyk İntelsatın hazırda 45° şərq uzunluğu orbital mövqeyində yerləşən və Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionlarında ödənişli televiziya platformalarını tutumla təmin edən
"Intelsat 12" peykinin davamlılığını təmin edəcək. "Azerspace-2", həmçinin Afrikada korporativ şəbəkə və dövlət qurumlarını peyk xidmətləri ilə təmin edəcək.
"Bu yeni peyk "Azərkosmos"u regionda peyk tutumlarına artan tələbatı qarşılamaq üçün əlavə tutumla təmin edəcək və müştərilərimizə daha yüksək keyfiyyətli radio, televiziya və rabitə xidmətləri göstərməyimizə imkan yaradacaq. Biz dünyanın peyk sənayesinin aparıcı şirkətləri olan "İntelsat" və "SSL" ilə əməkdaşlıq etməyimizə məmnunuq" - deyə "Azərkosmos"un sədri Rəşad Nəbiyev bildirib.
"Bu layihə hazırda peyk sənayesində peyk operatorları arasında əməkdaşlığın bariz nümunəsidir. "SSL" və "Azərkosmos"la əməkdaşlığımız bizə imkan verəcək ki, Mərkəzi Avropa və Asiyada müştərilərimizin məzmunun paylanmasına olan tələblərini qarşılayaq. Bu peyk, həmçinin Afrikadakı korporativ şəbəkələri biznesin qurulması və genişləndirilməsi üçün lazım olan genişzolaqlı rabitə ilə təmin edəcək" - "Intelsat"ın baş texniki direktoru Tyeri Qulemin bildirib.
"Azerspace-2" ABŞ-ın qərargahı Kaliforniyanın Palo Alto şəhərində yerləşən və MDA korporasiyasına məxsus olan "SSL" şirkəti tərəfindən dizayn və istehsal ediləcək. Müqavilə çərçivəsində Kanadanın Riçmond şəhərində yerləşən, qlobal kommunikasiya və informasiya şirkəti olan MDA korporasiyası "Azərkosmos"a Yer səthinin radarla müşahidəsinə dair bilik və təcrübənin ötürülməsini də təmin edəcək. Peykin dizaynı yüksək etibarlı "SSL" 1300 peyk platformasına əsaslanacaq ki, bu da öz növbəsində, çoxsaylı tətbiqlərdən və yüksək texnologiyalardan istifadə imkanları yaradır.
"Azerspace-2" peyk layihəsi Kanadanın "Export Development Canada" ("EDC") ixrac-kredit agentliyi tərəfindən uzunmüddətli və güzəştli kredit xətti vasitəsilə maliyyələşdiriləcək. Peykin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.
Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"-ın idarəçiliyini təhvil almış və bununla da Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir.
Bu məqsədlə, "Azərkosmos" 2017-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.
"Intelsat S.A." dünyanın peyk xidmətləri üzrə aparıcı şirkətidir. Şirkət 50 ildən çoxdur ki, media, stasionar və mobil genişzolaqlı infrastrukturlar, korporativ, dövlət və hərbi sahədən olan müştərilərə yüksək keyfiyyətli rabitə həlləri təqdim edir. Peyk sənayesində "İntelsat"ın peyk, teleport və fiber infrastrukturunun analoqu yoxdur. Bu şirkət video və genişzolaqlı xidmətlərin transmissiyasının standartlarını müəyyən edir.
"MacDonald", "Dettwiler and Associates Ltd." (MDA) korporasiyasına məxsus olan "Space Systems/Loral (SSL)" peyk operatorları və innovativ kosmik missiyaları dəstəkləyən, kommersiya yönümlü peykləri geniş təcrübəsi ilə təmin edən aparıcı təchizatçı şirkətdir.
Şirkət əsasən ödənişli televiziya, videoməzmunun paylanması, genişzolaqlı internet, mobil kommunikasiya və Yer səthinin məsafədən müşahidə peyklərinin dizaynı və istehsalı sahəsində ixtisaslaşıb. 50 ildən çoxdur ki, Silikon Vadisinin innovatorlarından olan "SSL"-in yükək texnoloji məhsullarına müasir, kiçik ölçülü peyklər, mürəkkəb robotlar və məsafədən idarə olunan əməliyyatlar üçün avtomat həllər də daxildir.
Daha ətraflı məlumatı veb səhifəsindən ala bilərsiniz.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL