Texnoparklar innovativ iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilir
Texnoparklar – innovasiya məhsulunun və yüksək texnologiyaların işlənilməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatlar və təcrübə-konstruktor işlərinin nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastrukturu, maddi-texniki bazası, ərazisi və idarəetmə strukturları olan xüsusiləşdirilmiş qurumdur.
Müasir dövrdə dünyada texnoparklar innovativ iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilir.
Texnoparklar iqtisadiyyatın yeni sahələrinin formalaşmasında böyük rola malikdir. AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) bildirilib ki, bu haqda İTİ-nin böyük elmi işçisi Roza Şahverdiyeva elmi seminarda məlumat verib.
"Texnoparkların formalaşma xüsusiyyətləri və inkişaf mərhələləri" adlı məruzəni təqdim edən R.Şahverdiyeva elmi-tədqiqat fəaliyyətinin nəticələrinin kommersiya məhsuluna çevrilməsi və bazara çıxarılmasının təşkili ilə məşğul olan texnoparkların yüksək texnologiyaların cəmləşdiyi bir ərazi olduğunu qeyd edib:
"Texnoparkların yaradılması müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyaların genişləndirilməsi, innovasiya şirkətlərinin formalaşdırılması, yüksək ixtisaslı mütəxəssislər üçün yeni iş yerlərinin yaradılması, təhsil müəssisələri, elmi tədqiqat institutları və sənaye arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə xidmət edir".
Texnoparkların ixtisaslaşdığı fəaliyyət sahələrini diqqətə çatdıran məruzəçi bu sahələrin İKT və telekommunikasiya, biotexnologiya, ətraf mühit və ekologiya, elektronika, proqram mühəndisliyi, kompüter elmləri və avadanlığı, biznes və sənaye xidmətləri, mikrokompüter və nanotexnologiya kimi sferaları əhatə etdiyini söyləyib, həmçinin texnoparkların funksional növləri, təşkilati strukturu, mülkiyyət formaları, formalaşma xüsusiyyətləri və inkişaf mərhələləri, texnoparkların fəaliyyətinin stimullaşdırma mexanizmləri, hüquqi aspektləri, formalaşma və inkişaf mərhələlərini diqqətə çatdırıb.
Elmi texnoparkların yaradılması və fəaliyyətinin təşkili üzrə beynəlxalq təcrübədən söz açan R.Şahverdiyeva elmi parkların say tərkibi, onların qabaqcıl ölkələr üzrə paylanması, iqtisadi və innovativ beynəlxalq təşkilatlar, o cümlədən Rusiya, Çin, İspaniya və Türkiyə texnoparklarının ixtisaslaşdığı istiqamətləri diqqətə çatdırıb. Azərbaycanda fəaliyyət göstərən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində "Yüksək Texnologiyalar Parkı", "Sumqayıt Texnologiyalar Parkı", "Sumqayıt kimya sənaye parkı", "Qafqaz Universiteti texnoparkı", Xəzər Universitetində "Sənaye mərkəzli texnoparkı" və digər texnoparkların fəaliyyət istiqamətləri barədə danışıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL