waplog

İRİO üçün qərarların qəbulunu dəstəkləyən sistemlərin yaradılması istiqamətində aparılan tədqiqatlara həsr edilmiş elmi seminar keçirilib


İnformasiyanın həcminin çoxluğunun, mürəkkəb və ziddiyyətli, kəmiyyət və keyfiyyət xarakterli olmasının qərar qəbulu prosesində yaratdığı problemlərin intellektual texnologiyalar çərçivəsində həlli, insan resurslarının idarə olunması (İRİO) üçün qərarların qəbulunu dəstəkləyən sistemlərin, müvafiq model və metodların işlənilməsi hazırda aktual məsələlərdəndir.

 
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) İRİO üçün qərarların qəbulunu dəstəkləyən sistemlərin yaradılması istiqamətində aparılan tədqiqatlar və yeni yanaşmaların müzakirəsinə həsr edilmiş növbəti elmi seminar keçirilib. İTİ-dən bildirilib ki, seminarda texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova intellektual dəstək tələb edən İRİO məsələlərinin spesifik cəhətlərindən danışıb, qeyri-səlis mühitdə reallaşan qiymətləndirmə məsələsi olduğunu qeyd edib.

 
 Şöbədə bu istiqamətdə aparılmış tədqiqatların nəticələri və təklif edilən qərar qəbulu metodlarından söz açan məruzəçi bildirib ki, tədqiqatların əsas məqsədi qərar qəbulu prosesinə daha adekvat metodların işlənilməsidir. Onun sözlərinə görə, bu kimi məsələlərdə alternativlərin (məsələn, alternativ dedikdə, işə qəbul olunmaq istəyən namizədlər nəzərdə tutulur və s.) bilik və bacarıqları, şəxsi keyfiyyətləri və psixoloji durumu kimi keyfiyyət xarakterli cəhətlərin qiymətləndirilməsi üçün son zamanlar ekspert yanaşması, o cümlədən testoloji yanaşmadan geniş istifadə olunur.
 
 
Z.Cəbrayılova beynəlxalq tədqiqatlara istinad edərək, işə qəbul məsələsinin həllində istifadə olunan bir sıra psixometrik testlər haqqında da məlumat verib, onların tətbiqinin əhəmiyyətindən söz açıb.

 
Bildirib ki, işə qəbul olunmaq istəyənlərin psixometrik qiymətləndirilməsi onların seçiminin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, işçilərin əməkdaş kimi inkişafı prosesində də mühüm rol oynayır.
 

O, təklif edilən metodlar çərçivəsində psixometrik testlərin istifadəsi imkanlarının araşdırıldığını diqqətə çatdırıb. Həmçinin şöbədə işlənilən İRİO üçün qərarların intellektual dəstəklənməsi sistemində psixohəndəsi testlərin istifadəsi ilə işə qəbul məsələsinin həll alqoritmini təqdim edib.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL