Cenevrədə Ümumdünya Radiorabitə Konfransı işə başlayıb
Bu gün Cenevrədə noyabrın 27-dək davam edəcək Ümumdünya Radiorabitə Konfransı (ÜRK) işə başlayır.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN), Dövlət Radiotezliklər İdarəsinin və Teleradio İstehsalat Birliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir.
32 bənddən ibarət olan gündəlik üzrə bu il Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən 7 təklif hazırlanıb. Bu təkliflərdən üçü Regional Rabitə Birliyi ilə, biri CEPT-lə birgə, üçü isə tək Azərbaycan adından verilib.
Tədbir çərçivəsində ənənəvi olaraq radiotezliklərin beynəlxalq səviyyədə ayrılması, yeni radiotexnologiyaların tətbiqi və onlara tezliklərin ayrılması, müxtəlif radiotexnologiyaların qarşılıqlı maneəsiz istismarının texniki xüsusiyyətləri (məsələn, rəqəmli TV və mobil rabitə), sərhəd ərazisində qonşu ölkələr arasında tezlik siqnallarının razılaşdırılmasının texniki şərtləri, peyk şəbəkələrinin istismarı və qeydiyyatın prosedur qaydaları müzakirə olunacaq.
Konfransların keçirilməsinin əsas məqsədi əvvəlki konfranslardan keçən dövr ərzində yeni radiotexnologiyaların tətbiqi üçün tezliklərin ayrılmasına baxılması və əldə olunmuş qərarlara əsasən Radioreqlamentə əlavə və düzəlişlərin edilməsidir.
Qeyd edək ki, Ümumdünya Radiorabitə Konfransı Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən hər 4 ildən bir keçirilir və sonuncu belə konfrans 2012-ci ildə Cenevrə şəhərində baş tutub.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL