Xələf Xələfov BMT tribunasından Azərbaycanda e-hökumət istiqamətində həyata keçirilən islahatlardan danışdı
İsveçrənin Cenevrə şəhərində BMT-nin İşgəncələrə qarşı Komitəsinin 56-cı sessiyası çərçivəsində İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya üzrə Azərbaycan Respublikasının dördüncü dövri məruzəsinə baxılıb.
Sessiyada ölkəmiz Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müəyyən edilən, xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, xarici işlər nazirinin müavini X.Xələfov tədbirdə dördüncü dövri hesabatımızı təqdim edib. O, çıxışı zamanı ölkəmizin BMT-nin müqavilə orqanları ilə əməkdaşlığa önəm verdiyini bildirib, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı, insan alveri ilə mübarizə üzrə Fəaliyyət Planı və “Azərbaycan 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı məlumatları diqqətə çatdırıb.
O, həmçinin məhkəmə və penitensiar sistemin təkmilləşdirilməsi, e-məhkəmə sistemi, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, dövlət idarəçiliyi islahatı, xidmətlərin elektronlaşdırılması, “ASAN xidmət”in yaradılması və fəaliyyəti, məişət zorakılığı, insan alverinin qarşısının alınması və vətəndaş cəmiyyətinin təşviqi sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyini vurğulayan X.Xələfov, ərazilərimizin 20 %-nin hələ də Ermənistanın işğalı altında olmasını və işğalın nəticələrini insan hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində maneələr kimi qiymətləndirib. Münaqişədə 4 mindən çox soydaşımızın itkin düşdüyünü bildirən X.Xələfov, onların Ermənistan tərəfindən qeyri-qanuni saxlandığını və müxtəlif işgəncələrə məruz qaldıqlarını qeyd edib.
Bununla yanaşı, 2014-cü ilin iyul ayından Ermənistan tərəfindən girov götürülən və bu günə kimi ölkəmizin işğal olunmuş ərazilərində erməni əsirliyində saxlanılan azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı edilən işgəncə, qeyri-insani davranışların hökumətimizin ciddi narahatlığına səbəb olduğunu Komitə üzvlərinin nəzərinə çatdırıb.
Sessiya çərçivəsində Komitə üzvləri öz növbələrində nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunması, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, Konvensiyanın müddəalarının qanunvericilikdə təsbit edilməsi və hesabatımızda Konvensiyanın həyata keçirilməsi sahəsində görülmüş tədbirlərin ətraflı şəkildə əks etdirilməsini təqdir ediblər.
Sessiya zamanı ölkəmizdə insan hüquqlarının təmin olunması ilə bağlı Komitə üzvləri tərəfindən nümayəndə heyətinə ünvanlanmış suallar aidiyyəti üzrə və dolğun şəkildə cavablandırılıb, tədbir interaktiv dialoq formasında keçirilib.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL