Elmi-tədqiqat işləri, elmi-innovasiya fəaliyyəti və digər məsələlərlə bağlı illik hesabatlara start verilib
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) cari il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri, elmi-innovasiya fəaliyyəti və digər məsələlərlə bağlı illik hesabatlara start verilib.
İTİ-dən bildirilib ki, tədbirdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev AMEA-nın 70 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirin əhəmiyyətindən danışıb. İnstitut direktoru Prezident İlham Əliyevin iştirakı ilə keçirilən yubiley tədbirində dövlət başçısının AMEA-nın 70 illik fəaliyyətinə yüksək dəyər verməsini akademiyanın uğuru kimi dəyərləndirib. Dövlət rəhbəri tərəfindən ayrı-ayrı elmi istiqamətlər üzrə prioritetlərin müəyyənləşdirilməsinin XXI əsr Azərbaycan elminin, elmi ictimaiyyətin qarşısına mühüm vəzifələr qoyduğunu bildirib.
Akademik R.Əliquliyev AMEA-nın 70 illiyi ilə əlaqədar olaraq Azərbaycan elminin, elmi nailiyyətlərin populyarlaşdırılması məqsədlərinə xidmət edən təşkilati tədbirlərin görüldüyünü, ölkənin müxtəlif rayon və şəhərlərində, orta məktəb və ali təhsil müəssisələrində görüşlərin, toplantıların keçirildiyini nəzərə çatdırıb. O, bu tədbirlərin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 mart 2014-cü il tarixli Sərəncamı əsasında həyata keçirildiyini söyləyib.
İnstitut direktoru bu yaxınlarda dövlət başçısının sərəncamları ilə akademiyanın 70 illik yubileyi münasibətilə 100-ə qədər alimin “Şərəf”, “Şöhrət” və “Tərəqqi” ordenləri, fəxri ad və diplomlarla təltif olunmasını Azərbaycan elminə, alimlərimizə verilən yüksək diqqət və dəstəyin əyani nümunəsi kimi səciyyələndirib. Bundan əlavə, akademiyanın bir sıra alim və mütəxəssisinin AMEA Bölmələrinin fəxri fərmanları ilə də təltif olunduğunu deyib.
Çıxışının sonunda AMEA-nın akademik-katibi Azərbaycan elminin XXI əsrdə əsas missiyasının ölkənin hərtərəfli inkişafında alimlərimizin rolunun artırılması, cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfələrin verilməsi və s. ibarət olduğunu bildirərək, alim və mütəxəssislərə gələcək fəaliyyətlərində uğurlar diləyib.
Sonra institut şöbələrinin illik hesabatları dinlənilib. Cari ildə həyata keçirilən elmi-tədqiqat işləri, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, konfrans, seminar, simpoziumlarda iştirak, çap olunmuş elmi əsərlər, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, şöbə əməkdaşlarının elmmetrik göstəriciləri, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işləri, elmi-təşkilati fəaliyyət və s. haqqında geniş məlumat verilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL