waplog

Azərbaycan nümayəndələri ÜPİ-nin payız sessiyasında keçirilən müzakirələrə qatılıblar


BMT-nin ixtisaslaşmış agentliklərindən biri olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) İsveçrənin Bern şəhərində keçirilmiş (26.10-13.11.15.) payız sessiyası sona çatıb. ÜPİ sessiyasında dünyanın yüzə yaxın üzv-ölkələrinin və onlarca beynəlxalq təşkilatların ümumi sayı 900-ə çatan nümayəndələri iştirak edib. Azərbaycanı bu tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları təmsil ediblər.
 
 
Sessiyada poçt sahəsinə dair müxtəlif məsələlərin müzakirələri keçirilib. Müzakirə istiqamətlərindən biri ÜPİ-nin "Ünvanlama" mövzusuna həsr edilmişdi və müzakirələrdə dünyada urbanizasiya proseslərinin genişlənməsi ilə bağlı hər bir ölkədə ünvanlarda nizamlama işlərinin görülməsinə zərurət olduğu qeyd edildi. Həmçinin bildirilib ki, fərdlər, dövlətlər və təşkilatlar arasında rəqəmsal və fiziki əlaqələrin yaradılması üçün əsas məlumat bazasını ünvanlar formalaşdırır. Məskunlaşdırılan məntəqələrdə çevik və dayanıqlı inkişaf üçün ünvanlama xidmətlərinin inkişafı daim nəzarətdə olmalıdır.
 
 
Müzakirələrdə ünvan infrastrukturunun gözlənilən iqtisadi əhəmiyyətindən də bəhs olunub. Bazar iqtisadiyyatında ünvanlardan istifadədən əldə olunan gəlirlər, kim üçün və nə qədər əhəmiyyətli olması, poçt fəaliyyəti üçün aspektlər və bu istiqamətdə kompleks fikir mübadilələri aparılıb.
 
 
Şəhərlərdə ünvan infrastrukturunun yaradılması üzrə layihələrin tətbiq edilməsi, bu cür mexanizmlərin mümkün maliyyələşdirilməsinin, həmçinin səmərəli ünvanlamanın müxtəlif şəhər idarəçiliyində dayanıqlı inkişaf üçün vacibliyi qeyd edilib.
 
 
Səsləndirilən maraqlı fikirlərdən biri də mövcud ünvan sistemlərinin tətbiqi, qiymət artımları ilə əlaqədar problemlər və nümunəvi modellər haqqında olub. Bununla bağlı proseslərin daha da münasib, səmərəli olması, qiymətlərin necə azaldılması suallarına cavablar axtarıldı. Müxtəlif ölkələrin təcrübəsi barədə məlumat verilib.
 
 
Qeyd edilib ki, ünvanlama standartları aydın ünvanlama sisteminin onurğa sütununu formalaşdırır. Bu standartlar milli və beynəlxalq ünvan tiplərini, komponentlərini və elementlərini müəyyən edir. Beləliklə, onlar ünvan data bazalarının inkişafı üçün özündə ünvan dəyişmə məlumatları daxil olan fundamental baza ilə təmin edir. Konfransda həmçinin ünvanların strukturu, poçt indeksləri, coğrafi informasiya sistemləri, e-ticarətin inkişafında ünvanlama sistemlərinin artan rolu və bir çox bununla əlaqədar suallar haqqında geniş müzakirələr keçirilib.
 
 
Qeyd edək ki, "Azərpoçt" MMC də ÜPİ-nin ünvanlama standartına (S42) uyğunluq sertifikatına layiq görülüb və ÜPİ tərəfindən cari ilin yaz sessiyasında (30.04.2015-ci il) Azərbaycan nümayəndəsinə təqdim edilib. Bu sertifikatın qüvvədə olma müddəti üç ildir. Dəyişən standartlara uyğun ünvanlama sisteminin yeni tələblərinə müvafiq olaraq sözügedən sertifikatın yenilənməsi üçün hər bir poçt təşkilatı müvafiq tədbirlər görməlidir.
 
Sessiya çərçivəsində həmçinin ÜPİ-nin Qəyyumlar Heyətinin (Board of Trustees – BoT) geniş gündəliyi olan iclasları keçirilib. Burada Xidmət keyfiyyətinin yüksəldilməsi üzrə (Quality of Servise Fund – QSF) layihələrin, ölkələrin bununla bağlı müraciətlərinin, tətbiq olunmuş layihələrin yekun hesabatlarının, həmçinin onların qiymətləndirilməsi üzrə hesabatların, QSF-in gələcək fəaliyyət və s. məsələlərin müzakirələri aparılıb. Toplantının əvvəlində QSF-in qaydalarında dəyişikliklər edilmiş yeni sənədlərin ÜPİ-nin Baş direktoru Bişar Hüseyn tərəfindən imzalanaraq təsdiq olunması mərasimi keçirildi. Katibliyə yeni təqdim olunmuş QSF layihələri arasında Azərbaycanın da "Poçtun toplanması və çatdırılmasının inkişafı" adlı layihəsinə baxılıb və orada qeyd olunan keyfiyyət göstəricilərində müəyyən dəyişikliklər edilməklə qəbul edilmişdi.
 
 Layihənin icra müddəti altı ay nəzərdə tutulub və onun qəbul edilməsi haqqında bildiriş bir ay müddətində ÜPİ Katibliyi tərəfindən nazirliyə göndəriləcək. Bundan sonra layihənin icrası üzrə müvafiq tədbirlərin görülməsinə başlanacaq.
 
 
Sessiya zamanı ÜPİ-nin gənclər arasında cari ildə keçirdiyi inşa müsabiqəsinin qalibi olmuş Livandan olan gənc qız Sara Jadid-in Qızıl medal və ÜPİ-nin xüsusi Sertifikatı ilə təntənəli şəkildə təltif olunma mərasimi də keçirilib. Mükafatı qalibə Baş direktor B.Hüseyn təqdim edib. 1971-ci ildən etibarən indiyə kimi hər il ÜPİ tərəfindən bütün dünyanın məktəbli gəncləri arasında müəyyən mövzularda inşa müsabiqəsi keçirilir və növbəti ildə də bu tədbirin keçirilməsi nəzərdə tutulub. Növbəti ildə Azərbaycan məktəblilərinin də yüksək yerlərdən birini tutması üçün ölkəmizin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində "Azərpoçt" MMC-də artıq müvafiq tədbirlərin görülməsinə başlanılıb.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL