waplog

“Dilmanc” layihə qrupu “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin tərtibi ilə bağlı təkliflərini irəli sürüb



"Dilmanc" layihə qrupu "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin tərtibi ilə bağlı təkliflərini irəli sürüb.

 

Qeyd olunur ki, mətbuatda, elektron məkanda, sosial şəbəkələrdə Azərbaycan dilinin 2013-cü ildə çapdan çıxmış orfoqrafiya lüğəti haqqında mübahisələr səngimək bilmir. Bu lüğət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il sərəncamına əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Azərbaycan dilinin orfoqrafiya qaydaları"na uyğun olaraq tərtib olunub.

 

Məlum olduğu kimi, əgər 2004-cü ildə nəşr olunmuş orfoqrafiya lüğətində 80 minə yaxın söz var idisə, genişləndirilmiş və yenidən işlənmiş bu nəşrdə onların sayı 110 mini keçib (110563 söz). Tərtibçilər belə hesab edirlər ki, əlavə edilmiş sözlərin çoxu yeni yaranmış, yaxud əvvəlki nəşrə daxil edilməsi unudulmuş sözlərdir.

 

 

       Yeni çapdan çıxmış orfoqrafiya lüğəti ilə bağlı iradları aşağıdakı kimi qruplaşdırmaq olar (nümunələr sosial şəbəkələrdən götürülüb):

 

 

  1. Yeni söz kimi daxil edilmiş "əcaib" sözlər: cordanabənzər, ağzıheyvərə, adheziya, badgir, badış, baygu, cacıq, gəllahi, gəbr, gəncəfa, giran, giriban, qoduş və s. 
  2. Daxil edilməsi unudulmuş sözlər: anışdırmaq, islamçı, bəsitsüjetli, bulyon, töycüyığan, çəkələk, görüntü, qabarma-çəkilmə, şirinsulu, dupduru, əvəzgün və s.
  3.  Süni yaradılmış sözlər: doqqazçı, qarçı, palçıqçı, tikançı, ağırlıqçı, meteoritçi, gijovçu, daşınıqçı, daşıqçı, iclasçı, koridorçu və s.
  4.  Süni sözdüzəltmə üsulu hesabına sözlərin sayının çoxaldılması: abad, abadan, abadanlanma, abadanlanmaq, abadanlaşdırılma, abadanlaşdırılmaq, abadanlaşdırma, abadanlaşdırmaq, abadanlaşma, abadanlıq, abadca, abadedən, abadetmə, abadıstan, abadlanma, abadlanmaq, abadlaşdırılma, abadlaşdırılmaq, abadlaşdırma, abadlaşmaq, abadlıq və s. Azərbaycan dilinin aqlütinativ dil olduğunu nəzərə alsaq, bu yolla lüğətə minlərlə söz əlavə etmək olardı.
  5.   Bu üsul başqa dillərdən alınma terminlərə də şamil edilir: absorbent, absorber, absorbsiometr, absorbsiometriya, absorbsiya, absorbsiyaedən, absorbsiyaedici, absorbsiyaetmə, absorbsiyaolunma və s.

 

"Fikrimizcə, ən işlək sözlərin müəyyənləşdirilməsi və optimal sözlüyün və eləcə də böyük akademik orfoqrafiya lüğətinin tərtibi prosesində bütün elmi faktlar statistik araşdırmaların aparılması ilə əsaslandırıla bilər. Bütün digər yanaşmalarda subyektiv amil ön plana keçəcək və lüğət yenə lüzumsuz, heç kəsi qane etməyən söz yığınına çevriləcək. "Dilmanc" layihəsi çərçivəsində Azərbaycan dilinin bütün üslublarını əks etdirən yüz milyonlarla sözü əhatə edən irihəcmli korpuslar hazırlanmışdır ki, bu korpuslardan istifadə etməklə dilimizin inkişaf tendensiyasını və dildə gedən söz yaradıcılığı prosesini elmi əsaslarla öyrənib müəyyən etmək mümkündür. "Dilmanc"la əməkdaşlıq ediləcəyi təqdirdə orfoqrafiya lüğətinin yaradılması istiqamətində qarşıya çıxan əksər problemləri həll etmək və lüğətə daxil ediləcək və ya edilməyəcək sözlər haqqında elmi əsaslandırılmış fikir söyləmək mümkün olacaqdır. Fikrimizcə, Azərbaycan dilinin yeni tərtib olunacaq orfoqrafiya lüğətlərində bu korpuslar əsas və etibarlı mənbə rolunu oynamalıdır. Belə olduqda, orfoqrafiya lüğəti ilə bağlı bütün mübahisələrə son qoyulmuş olardı.  Eyni fikirləri müxtəlif çeşidli istənilən həcmli ikidilli və çoxdilli lüğətlərin tərtibi işlərinə də şamil etmək olar." - deyə  "Dilmanc" layihəsindən bildirilib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL