Texnika Problemləri üzrə Elmi Şuranın seminarında müasir elmi problemlər üzrə məruzələr dinlənilib
Milli Aviasiya Akademiyasında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Texnika Problemləri üzrə Elmi Şurasının “Elektronika, telekommunikasiya, radiotexnika və informasiya texnologiyalarının müasir problemləri” üzrə elmi-texniki seminarı keçirilib.
Seminarda müxtəlif təşkilatların texnika problemləri sahəsində əsas elmi istiqamətlərini əks etdirən müasir elmi problemlər üzrə məruzələr dinlənilib. Akademiyadan bildirilib ki, əvvəlcə akademik Arif Paşayev, R.Həsənovun “Kiçikmiqyaslı tezlik analizi üçün fotoelastik effektin xüsusiyyətlərinin istifadəsi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə geniş tezlik diapazonunda naməlum radioşüalanmaların axtarışı kontekstində fotoelastik effektin xüsusiyyətləri araşdırılıb, kiçikmiqyaslı çoxkanallı akustooptik spektralanalizatorun reallaşdırılması imkanları müzakirə olunub. Məruzədə qeyd edilib ki, təklif olunan qurğunun hər bir kanalı yalnız uyğun altdiapazonda siqnalları emal etmək imkanına malikdir.
Bu zaman radioaxtarışın yüksək sürəti paralel analizin tətbiqi və mürəkkəb kommutasiya sisteminin aradan çıxarılması hesabına təmin olunur.
Sonra AMEA-nın müxbir üzvü Afiq Həsənov “Radioelektron mübarizə vasitələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə radioelektron mübarizənin müasir dövrdəki rolu, onun əsas məsələləri, üsul və vasitələri haqqında məlumat verilib, yeni radioelektron mübarizə vasitələrinin qurulması kontekstində akustooptik effektin xüsusiyyətlərinin potensial imkanları araşdırılıb. Azərbaycan Respublikasında radioelektron mübarizə vasitələrinin yaradılması imkanları müzakirə olunub.
Tədbirdə “ZnSnAs2 yarımkeçirici materiallarda 3d-element atomlarının iştirakı ilə meydana gələn ferromaqnetizmin atom mexanizmi” mövzusunda məruzə ilə çıxış edən professor H.Orucov bildirib ki, sıxlıq funksionalı nəzəriyyəsi çərçivəsində yerinə yetirilən hesablamalar, kvant-mexaniki modelləşdirmə və “Mulliken Population Analysis” ilə müəyyən edilmişdir ki, xalkopirit quruluşda qeyri-maqnit yarımkeçirici ZnSnAs2 birləşməsi tərkibdə Sn atomlarının Mn aşqarları ilə əvəzlənməsi halında maqnit ionların spinferromaqnit (FM) düzülüş əldə etməsi ilə güclü maqnit xassələri qazanır.
Seminarda professor A.Rəhimov və gənc doktorantlar E.Bənnayev, D.Camalovun “İridodiaqnostik televiziya sistemlərinin ayırdetmə qabiliyyətinin və kontrastının artırılması” məsələsinə baxılıb və kompüter proqramları tətbiq edilib.
Tədbirdə, həmçinin “Yüksək ayırdetmə qabiliyyətli kosmik informasiyanın intellektual emal sistemlərinin işlənilməsi”, “Neftlə çirklənmənin yayılması dinamikasının riyazi modelləşdirilməsi”, “Mobil rabitə vasitələrinin şüalanmasının insan orqanizminə təsiri”, “Arpaçay” su anbarının çirklənmə dərəcəsinə görə rayonlaşdırılması”, “Böyük Qafqazın şimal-şərq yamacının çay hövzələrində eroziya-akkumulyativ proseslərin formalaşma xüsusiyyətlərinin öyrənilməsi və səthi yuyulma intensivliyinin qiymətləndirilməsi” mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL