Gənclər arasında innovasiya sahibkarlığını təşviq etmək məqsədilə seminarların sayı və auditoriyası genişləndiriləcək
Texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədar olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün qurulur. Bu proseslər bütöv yanaşmalar müstəvisində həyata keçirilir.
İnsan kapitalının sürətli inkişafına xidmət edən Qafqaz Universiteti Texnoparkı bu məqsədlə təşəbbüskarlıq seminarları təşkil edir. Təşəbbüskarlıq Seminarları Sahibkarlığın inkişafına dəstək layihəsidir.
Layihənin məqsədi gənclər arasında innovasiya sahibkarlığını təşviq etməkdir. Bu da universitet-sənaye əməkdaşlığı proqramlarının inkişafı ilə yanaşı, təşəbbüskar gənclər və iş dünyasının təcrübəli şəxsləri arasında ortaq seminar və müzakirələrin aparılmasına şərait yaradır.
Qafqaz Universiteti Texnoparkının rəhbəri İsa Qasımovun sözlərinə görə, seminarlar tələbatın olması nəzərə alınaraq, ayda bir neçə dəfə keçirilir: “Seminar və ya görüşlər gənclər arasında təşəbbüskarlığın inkişafına zəmin verir. Bu seminarlarda iştirak ödənişsiz olmaqla yanaşı, iştirak etmək könüllüdür. İndiyə kimi 30-a yaxın seminar keçirilib.
Seminarlar universitet müəllimlərinin, iş dünyasında olan məzunlarımız və bu sahədə tanınmış mütəxəssislər tərəfindən verilir”. Seminarlarda iş adamları ilə yanaşı, tələbələr də iştirak edir ki, bu da onların gələcəkdə öz bizneslərini qurmağa istiqamət verir. Ən son keçirilən “Goldenpay” OJSC təsisçisi və icraçı direktoru Fərid İsmayılzadə tərəfindən “Texnologiya dünyanı hara aparır?” adlı seminar olub.
F.İsmayılzadə təlim boyunca son texnologiyalar, həmçinin onların təkmilləşməsinə təsir edən amillər, müasir ixtiralar, özünün xarici ölkələrdə qarşılaşdığı yeniliklər və statistikalardan bəhs edib. Digər maraq doğuran seminar QU Texnopark rezidenti “ İTB World” şirkətinin təsisçisi, Qafqaz Universitetində İT və Sistemləri Mühəndisliyi bölməsində müəllim dr. Anar Rüstəmov tərəfindən aparılıb.
A.Rüstəmov effektiv biznes və İT strategiya mövzusuna həsr olunmuş seminar əsnasında İT strategiyaların təyin edilməsində önəmli faktorlar, uğurlu İT investisiya kriteriləri (keyzlər və konseptlər əsasında), İnformasiya sistemləri və İnternet haqqında ümumi məlumat, İnternetin biznesə təsiri və inkişafı, müəssisə üçün verilənlər bazasının əhəmiyyəti, informasiya təhlükəsizliyinə nə qədər investisiya etməli kimi İT sahəsi üzrə mütəxəssislərin və bu sahədə yeni fəaliyyətə başlamış şəxslərin marağına səbəb olan məsələlərə toxunub.
Həmçinin QU Texnopark rezidenti “E.M.B.T. Group Consulting” şirkəti tərəfindən “'Banklarda Likvidliyin və Valyuta Risklərinin İdarə olunması” adlı seminar da aktual və sahibkarlar üçün vacib bir mövzu olub. Seminarın təlimçisi Risk menecment sahəsi üzrə təhsil almış və ixtisaslaşmış, hazırda Azərbaycanın aparıcı maliyyə qurumlarının birində risk menecmenti sahəsi üzrə baş risk menecer vəzifəsini icra edən Təbriz Əhmədov olmuşdur.
Təlim əsnasında Likvidlik risklərinin və Valyuta risklərinin idarə olunması, idarəetmə növləri, GAP analizi, Heccinq alətləri kimi mövzulara toxunulub. Beləliklə, Qafqaz Universiteti Texnoparkının direktoru qeyd edib ki, seminarda iştirak etmək istəyənlərin sayının çoxluğu və iştirak edənlərin məmnunluğu nəzərə alınaraq, seminarların sayının və auditoriyasının genişləndirilməsi nəzərdə tutulur.
Həqiqət İSABAIAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL