waplog

Beynəlxalq Telekommunikasiya İttifaqı informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə yeni hesabatını dərc edib


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə yeni hesabatını dərc edib. 167 ölkədən ibarət reytinqdə İKT-dən istifadə üzrə ilk pillədə Koreya Respublikası qərarlaşıb. Danimarka və İslandiya müvafiq olaraq ikinci və üçüncü pilləni tutublar.
 
Sözügedən reytinqdə Azərbaycan 67-ci yerdədir. Məlumat üçün bildirək ki, 2010-cu ildə ölkəmiz müvafiq göstərici üzrə 76-cı yerdə qərarlaşmışdı. Göründüyü kimi, reytinq cədvəlində mövqeyimiz 9 pillə yaxşılaşıb. İKT reytinqində Azərbaycan MDB ölkələri arasında ilk 5-ə daxildir.
 
Postsovet məkanında Belarus informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderdir. 2010-cu ildən etibarən bu ölkə qlobal İKT reytinqində 14 pillə irəliləyib və hazırda 36-cı pilləni tutub.
 
 
Rusiya 45-ci,  Qazaxıstan 58-ci, Moldova 66-cı, Gürcüstan 76-cı, Ermənistan 76-cı və Qırğızıstan 97-ci pillədə qərarlaşıb. Hesabatın müəllifləri qeyd ediblər ki, sözügedən regionda sonuncu pilləni tutmuş Qırğızıstan da İKT-nin inkişafında müəyyən uğurlar qazanıb. Belə ki, bu ölkə 2010-cu ildən etibarən dünya İKT reytinqində 15 pillə irəliləyib.
 
BTİ-nin hesablamalarına  əsasən, 2015-ci ilin sonunadək dünyada 7,1 milyard mobil telefon abunəçisi və 3,2 milyard internet istifadəçisi qeydə alınacaq. Beləliklə, cari ilin sonunadək planet əhalisinin 43,4 faizi internetə çıxış imkanına malik olacaq.
 
 
2010-2015-ci illərdə qlobal İKT reytinqinə daxil edilmiş 167 ölkə əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxışının genişləndirilməsində böyük irəliləyişə nail olub. Cari ilin sonunadək dünyada yaşayan bütün ailələrin 46 faizi öz evində internetə çıxış imkanına malik olacaq. Xatırladaq ki, 2010-cu ildə bu göstərici 30 faiz olub. İndi sənaye cəhətdən inkişaf etmiş ölkələrdə bu göstərici 81 faiz, inkişaf etməkdə olan ölkələrdə isə yalnız 31 faiz təşkil edir.
 
Yer kürəsinin əhalisinin 95 faizindən çoxu mobil rabitə xidmətləri ilə əhatə olunub. Bu isə o deməkdir ki, dünyada təxminən 350 milyon nəfər mobil rabitədən istifadə etmir.

Emil HÜSEYNOV

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL