waplog

Respublika üzrə elektron Ünvan Reyestri İnformasiya Sistemi yaradılıb


Azərbaycanda ölkə üzrə ünvan reyestrinin aparılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının, coğrafi informasiya sistemlərinin tətbiqi ilə vahid ümumdövlət ünvan mənbəyi - Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) yaradılıb.
 
Bundan sonra respublika ərazisində daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, saxlanılması, ləğv edilməsi və digər fəaliyyətləri məhz bu sistem təmin edəcək. Sistemdə bütün daşınmaz əmlaklarla bağlı ünvan məlumatları, eləcə də küçə və prospektlər ilə bağlı digər məlumatlar rəqəmsal şəkildə toplanır.
 
 
“ICnews” elektron xəbər xidmətinin  məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan yeni ünvan sistemi beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilməklə hazırlanıb.
 
 
Ölkənin ünvan tarixində ilk dəfə olaraq, respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanıb, ünvanların elektron idarə edilməsinə nail olunub. Ünvan xəritəsindən çıxarış, obyektlərə ünvanların verilməsi işi elektronlaşdırılıb. Həmçinin, ünvan axtarışında naviqasiya sisteminin tətbiqi üçün imkan yaradılıb.
 
Hazırda Ünvan Reyestri İnformasiya Sistemində ölkənin 6 şəhəri, 50 rayonu üzrə 6705 küçə və prospektindəki daşınmaz əmlak obyektlərinə yeni qaydalara uyğun təyin edilən 603126 giriş ünvanı, 335037 ədəd daxili ünvan məlumatları mövcuddur. O cümlədən, Bakı şəhərinin 758 küçə və prospektində, Gəncə şəhərinin 846 küçə və prospektində, Sumqayıt şəhərinin 195 küçə və prospektində yeni qaydalara uyğun ünvanvermə işi yekunlaşıb.
 
Komitədən bildirilib ki, ölkədə Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması nəticəsində bir sıra nailiyyətlər əldə edilib. Ünvanlar haqqında mərkəzləşdirilmiş rəsmi informasiya bazası formalaşdırılıb. Ünvan məlumatlarının vahid mərkəzdən elektron idarə olunması təmin edilib. Axtarış sistemi sadələşdirilib, ünvanlar haqqında istənilən anda çevik və müfəssəl məlumat əldə etmək imkanı yaranıb.
 
ÜRİS digər məlumat bazaları, axtarış-informasiya sistemləri, reyestrləri (əhalinin, hüquqi şəxslərin, daşınmaz əmlakın reyestri və s.) ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir.
 
Sistem vasitəsilə küçələrin və prospektlərin kodlaşdırılması nəqliyyat infrastrukturu obyektlərinin adlarının dəyişdirilməsi zamanı ortaya çıxan bir çox problemləri aradan qaldırır.
 
 
Təcili tibbi yardım, yanğınsöndürmə və polis kimi xidmətlər axtardıqları ünvanları daha rahat tapa biləcək və vaxt itirilməsi nəticəsində bədbəxt halların baş verməsinin qarşısı alınacaq. Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) imkanlarından istifadə etməklə taksilərdə, digər nəqliyyat vasitələrində quraşdırılacaq GPS cihazları da ünvan axtarışını xeyli asanlaşdıracaq.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL