waplog

Yerli icra hakimiyyətlərində elektron hökumət həlləri


Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət orqanlarında elektron sənəd dövriyyəsinin və vətəndaşların müraciətləri üzrə kargüzarlığın elektron formada aparılması ilə bağlı imzaladığı fərmana əsasən  Prezident Adminstrasiyası və "Elektron Hökumət" portalının operatoru tərəfindən vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılıb və istismara verilib.

Fərmanda dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın 10.2.4-cü yarımbəndinə uyğun olaraq qərara alıb:

1.    Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi (bundan sonra – informasiya sistemi) yaradılsın.

2.    "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları" təsdiq edilsin (əlavə olunur).

Yaradılmış sistem vasitəsilə bütün yerli icra hakimiyyəti orqanlarına daxil olan vətəndaşların müraciətləri onlayn rejimdə öz əksini tapır və prosesə mərkəzləşmiş qaydada nəzarət edilir.

Bundan başqa "Elektron Hökumət" portalının operatoru  İcra Hakimiyyətləri ilə əməkdaşlıq edərək bir sıra sosial xidmətlərin elektronlaşması istiqamətində işlər görmüş,  vətəndaşlar üçün daha çox aktual olan xidmətlər müəyyənləşdirilmişdir.  İlkin mərhələdə daha çox sosial tələbat olan  "Vətəndaşların elektron qəbula yazılması" xidməti elektronlaşdırılmış və pilot layihə kimi Biləsuvar rayon icra hakimiyyəti üzrə  istismara verilmişdir. Artıq 21 elektron xidmət hazırdır və tezliklə bütün yerli icra hakimiyyətlərini əhatə edəcək bu xidmətlərdən vətəndaşlar yararlana biləcəklər.

* Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna "Elektron Hökumət" portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi.

* Yerli icra hakimiyyəti orqanlarına müraciətlərin elektron şəkildə göndərilməsi və prosesin portal vasitəsilə izlənilməsi (şikayət, ərizə, təklif).

* Vətəndaşların yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan ərazi nümayəndəliyinə ailə tərkibi haqqında arayışın alınması və yoxlanılması.

* Nikah yaşının azaldılması.

* Yetkinlik yaşına çatmayanların əmlak paylarının özgəninkiləşdirilməsi, ipotekaya qoyulması və icarəyə icazənin verilməsi.

* Uğursuz ailələrdən olan yetkinlik yaşına çatmayanların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi

* Valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət müəssisələrinə yerləşdirilməsi.

* Yetkinlik yaşına çatmayanların uşaq evlərinə və internat məktəblərinə yerləşdirilmələri üçün müraciət.

* Uşağın ad və ya soyadının dəyişdirilməsi.

* Yetkinlik yaşına çatmayanlar üzərində qəyyum və ya himayəçi təyin edilməsi.

* Yetkinlik yaşına çatmayanların hüquqları idarə və müəssisələr tərəfindən pozulduğu halda valideynlər və himayəçilər tərəfindən müraciət.

* Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş fiziki şəxslər üzərində qəyyum təyin edilməsi.

* Fəaliyyət qabiliyyətli fiziki şəxslər üzərində patronaj təyin edilməsi.

* Fəaliyyət qabiliyyəti olmayanın əmlak payının özgəninkiləşdirilməsi, bağışlanmasına icazənin verilməsi .

* Yaşayış sahəsinin kirayə müqaviləsinin dəyişdirilməsi .

* Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması.

* Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi.

* Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması.

* Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi.

* Məlumatlandırma icraatı qaydasinda tikintisi nəzərdə tutulan binaların layihələrinin memarlıq-planlaşdırma bölməsinin razılaşdırılması.

* Müvafiq ərazidə sosial-məişət, mənzil və s. obyektlərin istifadəyə verilməsi haqqında aktların qəbul edilməsi.

Qeyd edək ki, elektron xidmətdən istifadə etmək istəyənlər "Elektron Hökumət" portalına (www.e-gov.az saytına) daxil olmalı, buradan "Yerli İcra Hakimiyyətləri" bölməsini seçməlidirlər. Açılan səhifədə vətəndaş portala qoşulmuş yerli icra hakimiyyətlərinin siyahısında aid olduğu rayonu və istifadə etmək istədiyi xidməti seçməlidir. Xidmətdən istifadə etmək üçün  portaldan  autentifikasiyadan keçmək mütləqdir.

Proses isə çox sadədir. Məsələn hazırda test olunan "Biləsuvar rayon icra hakimiyyəti"nin "Vətəndaşların elektron qəbula yazılması" xidmətindən yararlanmaq istəyən vətəndaş xidməti seçdikdən sonra ona təqdim edilən  yerli icra hakimiyyəti orqanının səlahiyyətli şəxslərinin soyadları, adları, vəzifələri, qəbul günləri və saatı siyahı ilə tanış olur. İstifadəçi, qəbuluna yazılmaq istədiyi səlahiyyətli şəxsi təqdim olunan siyahıdan seçərək açılan növbəti səhifədə tələb olunan məlumatları sistemə daxil edir. Əvvəlcə səlahiyyətli şəxsin qəbuluna yazılma gününü seçən istifadəçiyə bu zaman son 4 qəbul gününün tarixləri təqdim edilir. Sonra istifadəçi sistemin təqdim etdiyi müraciətin növünü, sosial statusunu və imtiyaz statusunu (güzəşt varsa) seçir. Daha sonra istifadəçi elektron poçt ünvanını, əlaqə nömrəsini, iş yeri və vəzifəsini, hazırda yaşadığı ünvanı və müraciəti ilə əlaqəli əlavə qeydini uyğun sahələrə daxil edir. İstifadəçinin şəxsiyyət vəsiqəsində olan məlumatlar sistem tərəfindən avtomatik ekranda əks olunur. "Məlumatları Göndər" düyməsini seçməklə vətəndaş müraciətini göndərmiş olur. Müraciət uğurla göndərilən zaman ekrana "Müraciətiniz göndərildi" mesajı çıxır.

Qeyd edək ki, "Tarixçənə bax" funksionallığından istifadə etməklə vətəndaş göndərdiyi bütün sorğulara uyğun müraciətlərin tarixçəsinə baxmaq imkanını əldə edəcək. Bu zaman xidmət istifadəçiyə müraciətin nömrəsi, göndərdiyi tarixi haqqında məlumatları təqdim edəcək. "Ətraflı" düyməsini seçməklə göndərilən müraciətlərə yenidən baxmaq mümkündür. İstifadəçi "Müraciət ilə əlaqəli fikirləriniz" bölməsinə öz qeydini yazaraq müraciətini icra hakimmiyyəti orqanına yönləndirə bilər. Həmçinin, xidmət istifadəçiyə müraciəti çap etmək imkanını da yaradır. Beləliklə  vətəndaşlar yerli icra hakimiyyəti orqanlarının xidmətlərindən "Elektron Hökumət" portalı vasitəsilə elektron şəkildə yararlanaraq prosesi onlayn rejimdə izləyə biləcəklər.

Qeyd edək ki, bu sistemdən istifadə üçün bilik və vərdişlərin artırılmasını və ondan təhlükəsiz istifadəni təmin etmək məqsədi ilə yerli icra hakimiyyəti orqanlarında təlimlər keçirilir və bu proses mütəmadi olaraq davam etdirilir.     



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL