waplog

"Elektron Hökumət"in davamlı inkişafı üçün qarşıda duran prioritet məsələlər


Məlum olduğu kimi,"Elektron Hökumət" portalı 2012-ci ilin aprel ayından istifadəyə verilib və həmin vaxt portala cəmi 16 dövlət qurumu üzrə 50-ə yaxın elektron xidmət inteqrasiya olunmuşdu. Hazırda isə portal üzərindən xidmət göstərən qurumların sayı 45, təqdim edilən xidmətlərin sayı isə 432-dir.

Həyata keçirilən tədbirlər sayəsində portaldakı e-xidmətlərdən istifadə sayı da dinamik şəkildə artmaqdadır. Belə ki, 1 dekabr 2015-ci il tarixə portalın istifadəçilərinin sayı 2,6 milyon nəfərdən çox olub və onlar 17,6 milyon dəfədən çox e-xidmətlərdən istifadə etmişlər.

"Elektron Hökumət" layihəsinin davamlı inkişafı üçün hazırda qarşıda duran və tam şəkildə həll edilməsi vacib olan əsas prioritet məsələləri aşağıdakı şəkildə sıralamaq olar:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "E-xidmətlərin siyahısı”na uyğun olaraq bütün qurumlar tərəfindən siyahıdakı xidmətlərin elektronlaşdırılması, mövcud texniki tələblərə uyğunlaşdırılması və portala inteqrasiyası.

Bu sahədə xeyli işlər görülmüşdür və yuxarıda qeyd olunduğu kimi hazırda portalda 432 e-xidmət vətəndaşların istifadəsindədir. Eyni zamanda qeyd edək ki, hələ bu sahədə görülməli işlər də çoxdur. Belə ki, NK tərəfindən təsdiq edilmiş 462 xidmətdən 01.12.2015-ci il tarixə 345-i (75%-i) portala inteqrasiya edilib.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixli 118 nömrəli Qərarına uyğun olaraq siyahı üzrə "Elektron Hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarınınportala qoşulmasının və qurumlararası informasiya mübadiləsinin təmin edilməsi. Bunun üçün qurumların İS-nin müvafiq tələblərə cavab verməsivə FİN-ə uyğunlaşdırılması.

Dövlət qurumlarının informasiya sistemlərinin "Elektron Hökumət” portalına inteqrasiyası və qurumlararası məlumat mübadiləsinin təşkili olduqca zəruridir və bunun üçün bütün qurumların öz üzərlərinə düşən vəzifələri vaxtında icra etmələri lazımdır. Bu məqsədlə Dövlət Reyestrlərində qeydiyyata alınmış İS-nin mütəmadi olaraq monitorinqi aparılır, İS-nin FİN-ə uyğunlaşdırılması üçün qurumlara dəstək verilir. Hazırda Azərsu, Azərişıq, Azəriqaz, Mobil Operatorlar və s. qurumlarla bu istiqamətdə işlər aparılır. Eyni zamanda xidmət göstərən qurumlar (Azərsu, Azərişıq, Azəriqaz, mobil və stasionar telefon operatorları və s.) tərəfindən abunəçilər sənədləşdirilərkən məlumatların ilkin mənbədən avtomatik olaraq götürülməsi və bununla da abunəçi bazalarının formalaşması zaman yaranan səhvlərin qarşısının tamamilə alınması istiqamətində qurumlarla müvafiq işlər aparılır, həmçinin, bəzi qurumların məlumatları qanunvericiliyə uyğun olaraq portal üzərindən servis şəklində aidiyyatı quruma ötürülür.

3. Qurumlar tərəfindən fərdi olmayan ictimai xarakterli məlumatların kompüter tərəfindən oxunaqlı formata gətirilməsi və açıq hökumət məlumatları portalında (data.gov.az) yerləşdirilməsi.

Bu ildən etibarən "Elektron Hökumət" portalının inkişaf çərçivəsi genişləndirilmiş, ölkədə "E-Gov 3.0” mərhələsinə başlanılmışdır. Belə ki, yanvar ayında "data.gov.az” açıq məlumatlar portalı vətəndaşların istifadəsinə verilmişdir və hazırda data.gov.az portalında 25 adda məlumat bazası istifadəyə açıq edilmişdir. Həmçinin, açıq məlumatlar əsasında mobil və veb tərtibatların yazılması üzrə müsabiqə elan edilmiş və bir çox universitetlərdə tədbirlər, treninqlər təşkil olunmuş, maarifləndirmə işləri aparılmışdır.

Qeyd edək ki, açıq məlumatlar portalında hələlik Ədliyyə, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinin, Azərsu ASC-nin və Dövlət Gömrük Komitəsinin məlumatları yerləşdirilib. Halbuki, apardığımız ilkin araşdırmalara görə əksər qurumların mülkiyyətində açıq edilməli məlumatlar vardır.

4. Elektron arayışların çeşidinin artırılması və tətbiq sahələrinin genişləndirilməsi üçün lazımi tədbirlərin görülməsi.

Keçən il portalda "Elektron arayışlar" bölməsi yaradılmışdır və artıq vətəndaşlar 11 növ arayışları (yaşayış, iş yerindən arayış, diplom haqqında arayış, kommunal borcun olmaması barədə arayış,vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış və s.) dövlət qurumuna getmədən elektron hökumət portalından asanlıqla əldə edə bilirlər. Qeyd etmək istəyirəm ki, hazırda 20-yə yaxın bank e-arayışlardan faydalanaraq kreditləşmə əməliyyatlarını həyata keçirirlər və qısa müddət ərzində kredit almaq üçün 200 mindən çox e-arayışlar portal vasitəsilə formalaşdırılaraq banklara və kredit təşkilatlarına təqdim olunmuşdur. Hamımıza məlumdur ki, ölkəmizdə vətəndaşlardan kifayət qədər müxtəlif arayışlar və sənədlər tələb olunur və elektron arayışların çeşidinin artırılması və tətbiq sahələrinin genişləndirilməsi üçün hələ kifayət qədər işlər görülməlidir.

Qeyd edək ki, ölkə Prezidentinin "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmana dəyişikliklər edilməsi haqqında imzaladığı Fərman e-elektron arayışların həm elektron şəkildə, həm də kağız şəklində çap edilərək aidiyyatı qurumlara təqdim edilməsinə və e-sənəd dövriyyəsinin genişlənməsinə hüquqi zəmin yaradır. Ölkəmizdə vətəndaşlardan kifayət qədər müxtəlif arayışlar və sənədlər tələb olunduğunu nəzərə alaraq elektron arayışların çeşidinin artırılması və tətbiq sahələrinin genişləndirilməsi prioritet məsələlərdəndir.

5. İcra Hakimiyyətləri və bələdiyyələr tərəfindən göstərilən bütün xidmətlərin elektronlaşdırılması və portala inteqrasiyası;

Bəzi İcra Hakimiyyətləri ilə əməkdaşlıq edərək bir sıra sosial xidmətlərin elektronlaşması istiqamətində işlər görmüş, fikir və təcrübə mübadiləsi aparılmışdır. "Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna Elektron hökumət portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi” xidmətinin hazırda vətəndaşlar üçün daha çox aktual olduğu müəyyən edilmiş və bu xidmət xidmət tam şəkildə elektronlaşdıraarq istifadəyə verilmişdir. Hazırda bu sahə üzrə 20-dən çox xidmət elektronlaşdırılmışdır və tezliklə portal üzərindən vətəndaşların istifadəsinə veriləcəkdir.

Bu sahədə də kifayət qədər görülməli işlər var. Eyni zamanda bələdiyyələrin əhaliyə göstərdikləri xidmətlər öyrənilməli və tam şəkildə eıektronlaşdırılmalıdır. Bildiyimiz kimi bu xidmətlər vətəndaşlarımızı ən çox narahat edən və qayğılandıran sahələrdir.

6. Elektron Hökumət sahəsində maarifləndirmə xarakterli tədbirlərin, kursların, mühazirələrin, treninqlərin, müsabiqələrin və s. təşkil edilməsi. Vətəndaşların irad, rəy və təkliflərinin öyrənilməsi və dəyərləndirilməsi.

Cari ildə tərəfimizdən bir çox ali məktəblərdə, kolleclərdə e-hökumət istiqaməti üzrə maarifləndirici tədbirlər həyata keçirilmiş, tələbələrə E-Hökumət portalı, e-imza, e-xidmətlər, açıq məlumatlar və startup layihələr barədə geniş məlumat verilmişdir.
Bu ilin iyun ayında Azərbaycan Texniki Universiteti və RYTN Məlumat Hesablama Mərkəzinin nəzdində Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması qərara alınmış və bu barədə AzTU və Elektron Hökumət portalının operatoru arasında müqavilə imzalanmışdır. Hər iki müəssisə yeni tərəfdaşlıq əsasında "Elektron idarəçilik, İnformasiya sistemləri və kibertəhlükəsizlik” Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılamsı istiqamətində işlərin icrasına başlamışdır.

Eyni zamanda irad, rəy və təkliflərin bildirilməsi üçün portalda "Fikir bankı”, "Əks Əlaqə" və "Onlayn Konsultasiya" bölmələri yaradılmışdır və bu xidmətlər vasitəsilə vətəndaşlardan daxil olan müraciətlər və təkliflər öyrənilərək operativ şəklildə cavablandırılmış və dəyərləndirilmişdir.

Bundan başqa,təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün "157 Zəng (Çağrı) Mərkəzi” yenilənmiş və əsaslı şəkildə yenilənən mərkəz istər texniki avadanlıqlar baxımından istərsə də ixtisaslı kadr baxımından tam şəkildə təchiz edilmişdir. Tezliklə Zəng Mərkəzində daha bir innovativ xidmət tətbiq edilməyə başlanılacaq. Belə ki, mərkəzə qurumlarla bağlı daxil olunan müraciətlərin dərhal aidiyyatı qurumun zəng mərkəzinə yönləndiirlməsi üçün sistem yaradılacaq. Bununla da, vətəndaşların digər qurumlarla bağlı müraciətləri vaxt itirilmədən yönləndiriləcək və cavablandırılacaq.

Qeyd edək ki, "Elektron Hökumət" üzrə gözlənilən nəticələrin əldə olunması üçün istər qurumların, istərsə də vətəndaşların bu sahədə aktiv iştirakı olduqca vacibdir.
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL