waplog

“Mən Azərbaycanlıyam” milli intellektual bilik yarışmasında indiyədək 200 nəfər qalib gəlib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstək verdiyi “Mən Azərbaycanlıyam” milli intellektual bilik yarışmasında indiyədək 200 nəfər qalib olub.
 
Layihənin müəllifi və istehsalçısı “MZ production”-ın rəhbəri Üzlüfət Qasımovanın “ICTnews” Elektron Xəbər Xidmətinə verdiyi məlumata görə, başlıca məqsəd doğma vətənimiz Azərbaycanı daha yaxından tanımaqda və tanıtmaqda yardımçı olmaqdır. Gənclər və İdman Nazirliyinin təşəbbüskarı və sifarişçisi olduğu yarışmaya Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hərtərəfli dəstək göstərir. Bu dəstək qaliblərə hədiyyənin verilməsi ilə yanaşı, yarışmaya texnoloji yardımı da ehtiva edir.
 
 
Ü.Qasımova əlavə edib ki, “Mən Azərbaycanlıyam” milli bilik yarışması hər həftənin bazar günü saat 19:00-da (təkrarı çərşənbə günü saat 19:00-da) “Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirində yayımlanır.  Hər həftə 10 nəfər iştirakçı arasında keçirilən yarışda bir qalib seçilir.
 
 
Sonrakı mərhələdə 10 həftənin qalibləri yarışır.
 
 
Finalda isə yarışmaya ayrı-ayrılıqda 10 həftə üzrə qalib olmuş 4 iştirakçı qatılır. Sonda I yer üzrə 1 nəfər, II yer üzrə isə 3 nəfər qalib kimi təsdiq olunur. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bütün mərhələlər üzrə qaliblərə hədiyyələr (əsasən noutbuklar) təqdim olunur.
 
 
“Yarışmada mütəmadi olaraq Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda həyata keçirilən yeniliklər, xüsusilə milli peykimiz və “Elektron hökumət” quruculuğuna dair suallar da səsləndirilir”, - deyə “MZ production”-ın rəhbəri vurğulayıb.
 
Qeyd edək ki,  “Mən Azərbaycanlıyam” milli bilik yarışmasında iştirak elektron qaydada aparılır.
 
Belə ki, 15-29 yaş aralığında olan hər kəs “www.mzproduction.az”  saytına daxil olmaqla rahat şəkildə qeydiyyatdan keçə bilər. Qeydiyyat prosedurunu uğurla tamamlayan istifadəçilərin ilk növbədə intellektual səviyyəsi yoxlanılır, bundan sonra yarışmada iştirakı təsdiqlənir.
 
Bu il start verilən 6-cı mövsümdə oyunda iştirak üçün müraciət edənlərin sayı 4000 nəfərdən artıqdır. Amma qaydalara görə, hər oyunda  10 nəfərin iştirakı mümkündür.
 
Məlumat üçün bildirək ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Mən Azərbaycanlıyam” milli bilik yarışmasının onlayn versiyası internet istifadəçilərinin böyük marağına səbəb olmuşdu. Belə ki, 6 ay  müddətində 231 416 nəfər bu yarışmaya qatılmışdı.  RYTN-in təşkil etdiyi onlayn yarış bitdikdən sonra buraxılan mobil versiya uduşsuz olmasına baxmayaraq 100 000 dəfədən çox yüklənib.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL