"Silent Partner” şirkəti insanın xorultusunu səs dalğalarının köməyi ilə səssiz edən qurğunun hazırlanması üçün vəsait toplanışı kampaniyasını uğurla başa çatdırıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, cihazın iş prinsipi səsboğan texnologiyaya əsaslanır. Yatan adamın üzünə qoyulan kiçik yüngül qurğu xorultunun tez-tez təkrarlanmasını və amplitudasını qiymətləndirir, daha sonra öz dalğalarını faza üzrə çevrilmiş şəkildə generasiya edir. Onlar qurğunun nalşəkilli uclarında olan kiçik dinamiklər tərəfindən ötürülür və nəticədə iki dalğa rastlaşaraq bir-birini uğurla “məhv” edir.
Qurğu tərtibatçısı Nataniel Eyyalın sözlərinə görə, cihaz xoruldayan insanın 20 sm məsafəsindən başlayaraq effektivliyini göstərir. Həmçinin onun effektivliyi məsafə artdıqca yüksəlir. Lakin məntiqi sual yaranır: “İnsan tərpənəndə və qurğu onun üzündən düşəndə necə olacaq?” Bu problem də mütəxəssislər tərəfindən yoluna qoyulub. Belə ki, qurğu xüsusi tibbi yapışqanla birlikdə satışa çıxarılacaq.
ABŞ Otolarinqologiya Akademiyasının qiymətləndirməsinə görə, yaşlı sağlam insanların təxminən 45 faizi mütəmadi xoruldayır, insanların 25 faizində isə xoruldamaq artıq xroniki hal alıb. Bunun damaqda pis əzələ tonusundan tutmuş, burun-udlaqda yerləşən ətə qədər müxtəlif səbəbləri var. Xorultunun təhlükəsini ağırlaşdıran yuxuda tənəffüsün dayanmasıdır ki, burda da artıq həkimin müdaxiləsi tələb olunur. Mütəxəssislərin sözlərinə görə, tibdən kənar hallarda isə qurğu əvəzedilməzdir.
"Silent Partner” qurğunun beta-versiyasının tədarükünə oktyabrda, kütləvi satışına isə noyabrda başlamağı planlaşdırır.