“Volocopter” sərnişin dronu ilk pilotlu uçuşunu edib
Almaniyanın “e-volo” şirkəti 18 rotorlu “Volocopter VC200” multikopterinin pilotlu sınaq uçuşunu həyata keçirib. Bu barədə şirkətin saytında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, ikinəfərlik multikopterin göyərtəsində sərnişinlər olmadan çoxlu sınaqlar keçirilib və 2016-cı ilin fevralında mütəxəssislər “Volocopter”in pilotlu uçuşlarının edilməsi üçün bütün lazımi sertifikat və icazələri ala biliblər. Uçuş bu il martın 30-da Almaniyanın cənubunda yerləşən aerodromda həyata keçirilib və sərnişin dronu şirkətin direktoru Aleksandr Sozel tərəfindən idarə olunub.
Uçuş zamanı multikopter 20-25 m hündürlüyə qalxaraq saatda 15 km-ə yaxın sürətlə hərəkət edib. Gələcəkdə saatda 50 km sürətdə sınaq və manevrlərin keçirilməsi, eləcə də aparatın mümkün hündürlüyə qalxaraq saatda 100 km maksimal sürətlə uçuşunun sınaqlarının son mərhələsi planlaşdırılır.
Aparatın qalxma zamanı maksimal kütləsi 450 kq, maksimal hündürlüyü 2 km təşkil edir. Pilotsuz rejimdə əvvəlki sınaqlar zamanı batareyanın enerjisi 20-30 dəqiqəyə kifayət etsə də, mütəxəssislər onun uçuş vaxtını artırmağı nəzərdə tutublar. Onların sözlərinə görə, uçan aparatın idarəetməsi prinsipcə oyuncaq pilotsuz aparatların idarəetməsindən fərqlənmir. Şirkət nümayəndələri “Volocopter VC200” aparatının kütləvi istehsalını və 340 min dollara satışını planlaşdırırlar.
Hazırda “Volocopter VC200” dünyada seriyalı istehsal perspektivinə malik olmaqla ilk pilotlu uçuş edən sərnişin aparatıdır.