Autizm xəstəliyinə tutulan uşaqlar üçün robot dost yaradılıb
ABŞ-ın “Leka” şirkəti autizm xəstəliyinə düçar olan uşaqlar üçün eyniadlı robotun yaradılmasına görə vəsait toplanışı kampaniyasını uğurla başa vurub.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, robot yaradıcılarının sözlərinə görə, “Leka” autizm diaqnozunun qoyulduğu uşaqların əqli cəhətdən inkişaf etdirilməsi üçün nəzərdə tutulan çoxsensorlu interaktiv “ağıllı” oyuncaqdır. Robotun yaradılmasında məqsəd uşağın hərəkət, koqnitiv və emosional bacarıqlarını artırmaq, eləcə də sərbəstliyini stimullaşdırmaqdır. Mütəxəssislər qeyd ediblər ki, "Bluetooth”, həmçinin “iOS” və “Android” əlavələrinin quraşdırıldığı smartfonlar vasitəsilə idarə edilən robotun ərsəyə gətirilməsi prosesində autizm xəstəliyinə tutulan uşaqların valideynləri və pedaqoqlar iştirak ediblər.
Bildirilir ki, xüsusi ötürücülər “Leka”ya uşağın davranışına reaksiya verməyə imkan verir. Məsələn, robotu yerə atdıqda, o “kədərlənir” və qızarır, onunla oynayanda isə displeydə şən “smaylik” görünür. Robot müstəqil hərəkət edə, musiqi səsləndirə və danışa bilir. Uşaq, məsələn, dişlərini yuyan zaman prosesi müşahidə edən “Leka” ona hər şeyi düzgün etməsi ilə bağlı göstərişlər verir. Bundan başqa, tərtibatçılar robotu gələcəkdə əlavə proqramlarla təchiz etməyi, o cümlədən oyun imkanlarını genişləndirməyi (hazırda robot 3 oyun funksiyasına malikdir) planlaşdırırlar. Valideynlər və ya müəllimlər robotu konkret uşağın xasiyyətini və nəyə üstünlük verməsini nəzərə alaraq proqramlaşdıra bilərlər.
“Leka” şirkətinin baş direktoru Stanislas de Toldi bildirib ki, aparılan ilkin işlər zamanı məlum olub ki, autizm xəstəliyinə düçar olan uşaqlar süni intellektlə çox yaxşı ünsiyyət qurur. “İrəliləyişə nail olmaq üçün valideynlər və ya tərbiyəçilər eyni hərəkəti və ya sözü uzun müddət təkrarlamalı olurlar. Bu, heç də asan deyil. Lakin sizin əvəzinizə bunu robot edəcək”, - o vurğulayıb.
İlk “Leka” robotlarının 2017-ci ildə bazara çıxarılması nəzərdə tutulur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL