waplog

RYTN-in dəstək verdiyi “Microsoft Imagine Cup 2016” müsabiqəsinin milli finalının qalibləri bəlli olub


Azərbaycan Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə "Microsoft Azərbaycan" və "Nar" tərəfindən təşkil olunmuş "Microsoft Imagine Cup 2016" müsabiqəsinin milli finalının qalibləri məlum olub.
 
Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya  – "İnnovasiya", "Sosial layihələr" və "Oyunlar" üzrə iştirak ediblər.
 
"İnnovasiya" nominasiyasında "JavaSet" komandası qalib gəlib.
 
Komandanın üzvləri Nicat Cavadov və Yesset Jusupov sifəti müəyyənetmə funksiyası vasitəsilə emosiyaların identifikasiyası layihəsini təqdim ediblər. Bu məhsul müəllimlərə dərslərin daha effektiv və keyfiyyətli olmasına yardım edəcək.
 
Belə ki, auditoriyanın görüntüsünü çəkən bu məhsul məktəblilərin və ya tələbələrin sifətlərini müəyyən edir və müəllim istənilən şagirdin emosiyasını təyin edə bilir. Məhsulun şagird və tələbələrin gərginlik və ya narazılığını müəyyən etməsi onların dərsi başa düşməməsindən xəbər verir və belə olduğu halda müəllim fənni təkrarən izah edə bilir.
 
 
"Sosial layihələr" nominasiyasında SABAH qruplarından olan "TechSOS" komandası qalib olub.
 
Komandanın tərkibinə daxil olan Aytac Ağabəyli, Günay Abdullayeva, Nailə İsmayılova və Sənan Quluzadə 3 hissədən ibarət olan (smartfonlar üçün tətbiq, bulud tətbiqi və avadanlıq) yıxılmanın müəyyən edilməsi sistemini hazırlayıblar. Kiçik həcmli peycerə bənzər avadanlıq yaşlı insanın kəmərinə bərkidilir, smartfon isə adətən sözügedən ahıl insanın qohumunda olur və o, yıxılma baş verdiyi halda "bulud" tətbiqi vasitəsilə hadisə və hadisənin baş verdiyi yer haqda dərhal məlumat alır. Bu məhsul məlumatlandırma və ilkin yardım proseslərini sürətləndirməyə yardım edir.
 
 "Oyunlar" nominasiyasında ADA Universitetinin "The Corp" komandası qalib gəlib. Tələbələr Ülviyyə Məmmədzadə, Toğrul Rəhimli, Ramazan Süleymanlı və Əli Babayev görüntüsü olmayan səsli macəra oyununu hazırlayaraq təqdim ediblər. İnsan və tətbiq arasında aparılan dialoq vasitəsilə oyunun müxtəlif mərhələlərini keçmək mümkündür. Bu məhsul məkan təfəkkürü və məntiqin formalaşmasına yardım edir.
 
Bu nominasiyalar üzrə qalib gələn komandalar müsabiqənin beynəlxalq yarımfinalında və bu mərhələdə uğur qazanacaqları təqdirdə Azərbaycanı bu ilin iyul ayında keçiriləcək finalda təmsil etməyə şans qazanacaqlar.
 
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün "Microsoft" platforması üzərində innovativ proqram layihəsi, "Microsoft" texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən "Microsoft Windows" platformaları üzərində orijinal oyun hazırlamaq lazım idi.
 
Xatırladaq ki, ötən "Microsoft Imagine Cup 2015" müsabiqəsində Azərbaycanı təmsil edən komanda sözügedən yarışmada uğur qazana bilib. Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri olan Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovalardan ibarət "NoObs" komandası "İnnovasiyalar" nominasiyasında II yeri tutub.
 
Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycanın komandasına "bluetooth-tənzimçilər" dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan "Windows Phone" platformalı smartfonlar üçün proqram təminatı olan "Spinal" layihəsi uğur gətirib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL