waplog

Bakıda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı konfrans keçirildi


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  ADA Universiteti ilə birgə  17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş  tədbir keçirib.  
 
Bu günün qeyd olunmasının əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək etməkdən ibarətdir.
 
Məlum olduğu kimi, hər il dünyada 17 may ilə  əlaqədar silsilə tədbirlər təşkil olunur və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən elan edilən müvafiq mövzu ətrafında geniş fikir mübadiləsi aparılır.
 
Cari ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu "Sosial inkişaf üçün İKT sahibkarlığı"dır.
 
Tədbiri giriş sözü ilə Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açaraq bu günün əhəmiyyəti, İKT-nin cəmiyyətdə rolu, iqtisadi və sosial  inkişafa təsiri barədə məlumat verib, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.
 
Sonra tədbir iştirakçılarına BTİ-nin Baş katibi Houlin Zhaonun videomüraciəti təqdim edilib.    
 
 
Tədbir  "Sosial inkişaf üçün  İKT sahibkarlığı" mövzusunda  panel ilə davam etdirilib.
 
Paneldə İKT sahibkarlığının inkişafı, bu məqsədlə dövlət tərəfindən yaradılmış şərait, texnoloji parkların formalaşdırılması və inkişafı barədə geniş müzakirələr aparılıb.
 
Çıxış edən "StartUp"çılar və panel nümayəndələri ölkəmizdə "StartUp" hərəkatının genişlənməsi, innovativ ideyaların  dəstəklənməsinin vacibliyini vurğulayaraq bu sahədə  elm və təhsil müəssisələrinin rolunu da qeyd ediblər. İnformasiya texnologiyaları üzrə yüksəkixtisaslı kadr hazırlığının vacibliyi vurğulanıb və bu sahədə təcrübə bölüşülüb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Sonra Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın qaliblərini  mükafatlandırma mərasimi keçirilib.
 
 
Artıq 10 ildir ki,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.
 
Bu olimpiadaya digər illərdən fərqli olaraq  çox sayda iştirakçı qatılıb. Bakı şəhərində yerləşən universitetlərlə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, o cümlədən Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt Dövlət universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin tələbələrindən ibarət, ümumilikdə 22 ali təhsil müəssisəsindən 55 komanda olimpiadada iştirak edib. Olimpiada mövcud qaydalara əsasən iki mərhələdə keçirilib. 13 ali təhsil müəssisəsindən ən yaxşı nəticə göstərən 13 komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.
 
Nəticələrə əsasən, Qafqaz Universitetinin komandası 1-ci, Bakı Ali Neft Məktəbinin komandası 2-ci, eyni xal toplamış Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin komandaları 3-cü yer, Milli Aviasiya Akademiyasının və ADA Universitetinin komandaları isə 4-cü yeri tutmuşlar. Region komandaları arasında ən yaxşı nəticəni Azərbaycan Dövlət Aqrar Universitetinin komandası göstərib.
 
Qaliblər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla, habelə tutduqları yerə uyğun olaraq "HP", "Azerfon" və "Caspian Telekom" şirkətləri tərəfindən qiymətli hədiyyələr ilə  mükafatlandırılıb.
 
Təhsil nazirinin müavini Firudin Qurbanov da tədbirdə iştirak edib və çıxışında belə olimpiadaların tələbələrin öz biliklərini və bacarıqlarını nümayiş etdirməyə, ölkəmizin kadr hazırlığına töhfə verdiyini söyləyib.
 
Tədbirdə Qafqaz Universiteti bu illər ərzində olimpiadanın keçirilməsində göstərdiyi dəstəyə görə Fəxri diplomla təltif edilib.









































































































































































NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL