Dünyada ilk dəfə robot və telefonun hibridi satışa çıxarılıb
Avtomatlaşdırılmış qurğulara öz sevgisi ilə seçilən yaponlar tərəfindən hazırlanmış smartfon yalnız zəng etmir və internetə qoşulmur, həm də hərəkət, rəqs edir və danışır. Kiçik insanabənzər robot formasında hazırlanmış yeni smartfon artıq yuxarıda yazılanları reallığa çevirib.
“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən xəbər verir ki, insanabənzər robot smartfon müasir telefonlara xas olan əyləncəli funksiyalardan başqa, həmçinin ifa və rəqs etmək qabiliyyətinə malikdir ki, bu da mobil telefon sahibini darıxmağa qoymayacaq. Bundan başqa, robot smartfon daxili miniatür lazer proyektorun köməyi ilə şəkilləri nümayiş etdirmək qabiliyyətinə malikdir.
Unikal qurğunun dəyəri 1800 ABŞ dolları təşkil edir. Yaponiyanın “Sharp” şirkəti aylıq 5 min belə smartfon satmağı planlaşdırır.