İşləmək ZAMANIDIR
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə elektron hökumət xidmətləri, peyk sənayesi, startapların təşviqi haqqında nüfuzlu "THE BUSİNESS YEAR" jurnalına danışıb.
Kosmik sənayenin inkişafı istiqamətində hansı işlər görülür? Azərbaycanın sahib olduğu telekommunikasiya peyklərinin əhəmiyyəti barədə nə deyərdiniz?
2009-cu ildə Azərbaycanda kosmik sənayenin qurulması ilə informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafında yeni era başladı. Belə ki, həmin ilin avqustunda cənab Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" təsdiq edildi. Bu, regionda yeni irimiqyaslı İKT infrastrukturunun formalaşması üçün inqilabi bir strategiya idi və bu qərar telekommunikasiya sahəsində irəliyə atılan böyük addım oldu. Eyni zamanda qeyri-neft sektorunda Azərbaycan üçün böyük perspektivlər açan yeni bir sahə yarandı.
Ölkədə hazırkı telekommunikasiya infrastrukturunda peyk rabitəsinin əhəmiyyəti böyükdür. Azərbaycan kimi dağlıq ərazilərdə yerləşən ölkələrdə yüksək keyfiyyətli və nisbətən daha ucuz başa gələn rabitə əlaqəsinin təmin edilməsi üçün peyk rabitəsinin olması vacibdir. Bu mənada, ölkəmizin ilk peyki olan "Azerspace-1" telekommunikasiya sahəsində digər ölkələrdən asılılığın aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan müxtəlif növ informasiya təhlükəsizliyinin təmin edilməsi, istənilən vaxt istənilən yerdə rabitənin yaradılması kimi üstünlüklərə malikdir. Bununla yanaşı, "Azerspace-1" peyki dünyanın üçdə birini əhatə etməklə, 50-dən çox ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır.
Hazırda "Azerspace-2" peykinin istehsal prosesi gedir və peykin 2017-ci ildə obitə göndərilməsi planlaşdırılıb. Digər bir maraqlı layihə isə nanopeyklərin istehsalı ilə bağlıdır. Bu istiqamətdə "Azərkosmos" ilə Milli Aviasiya Akademiyası əməkdaşlıq edir və artıq tələbə peyki olan "CanSat" layihəsinin icrasına başlanılıb.
Vacib məsələlərdən biri də milli kadrların hazırlanmasıdır. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, hazırda "Azerspace-1" peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur. Ümumilikdə onu deyə bilərəm ki, hazırda ölkəmiz üçün yeni olan kosmik sənaye bütün aspektlər üzrə paralel şəkildə inkişaf edir və peyk xidmətlərinin təşkili uğurlu səviyyəyə çatıb.
Azərbaycanda elektron hökumət quruculuğu istiqamətində görülən işlər hansı mərhələdədir? Elektron xidmətlərdən istifadənin genişləndirilməsi üçün hansı addımlar atılır?
Hazırda ölkəmizdə gedən modernləşmə siyasətinin əsas hədəfi hər bir sahədə vətəndaşın maraqlarına xidmət edən mükəmməl sistemin qurulmasıdır. Elektron hökumət xidmətlərini bu sistemin ən vacib elementi hesab etmək olar.
İctimai tələbatın yüksək olduğu xidmətlərin elektron formada təşkili üzrə fəaliyyətə Azərbaycan Prezidentinin "Elektron Azərbaycan" Dövlət Proqramı ilə bağlı Sərəncamı ilə başlanılıb. Və elektron xidmətlərdən istifadənin genişləndirilməsi məqsədilə ölkəmizdə "bir pəncərə" prinsipi üzrə vahid xidmət məkanı olan "Elektron hökumət" portalı formalaşdırılıb. "Elektron hökumət" İKT-dən istifadə etməklə dövlət təşkilatları ilə vətəndaşlar arasında operativ, maneəsiz idarəetmə formasıdır. Başqa sözlə desək, bu onlayn xidmətlər sıfır bürokratiya deməkdir. Və qeyd etməliyəm ki, Azərbaycan hökuməti bu cür idarəetmənin inkişafında çox maraqlıdır. Yaradılmış bu yeni mexanizm həm hökumətin, həm vətəndaşın, həmçinin də biznes sektorunun xeyrinədir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Elektron hökumət" portalının operatoru kimi digər dövlət orqanları ilə sıx əməkdaşlıq çərçivəsində bu infrastrukturun inkişafı üçün mütəmadi iş aparır. Bu günədək dövlət qurumları tərəfindən üç yüzdən çox elektron xidmət "Elektron hökumət" portalına inteqrasiya olunub.
Təbii ki, onlayn xidmətdən yararlanan vətəndaşların sayı hər gün artmaqdadır. Bu ilin fevral ayınadək portala üç milyonadək şəxs müraciət edib. Səksən minə yaxın elektron imza kartı təqdim edilib.
Azərbaycan sivil ölkədir və biz insanların hər bir sahədə yüksəksəviyyəli xidmət aldığı bir cəmiyyətin qurulması üçün çalışırıq. Belə bir cəmiyyətdə hər bir texnoloji inkişaf vətəndaşa, onun rahatlığına xidmət etməlidir. Bu istiqamətdə atılan addımlar öz bəhrəsini verməkdədir. Ən ucqar bir regiondakı şəxs evində oturaraq internet üzərindən dövlət qurumlarının xidmətindən istifadə edir. Bu, bizi daha da ruhlandırır.
Cənab Prezident İlham Əliyevin İKT-ni milli prioritet sahə kimi müəyyən etdiyini nəzərə alaraq, nazirlik tələbə və sahibkarlar arasında innovasiyaların təşviqinə necə önəm verir?
İKT sektorunun Azərbaycan iqtisadiyyatında prioritet elan edilməsi konkret qərarlar və layihələrlə reallaşır. Bu gün ölkəmizdə rəqabətqabiliyyətli məhsul istehsalının stimullaşdırılması və yeni texnologiyalar sahəsində fəaliyyətin genişləndirilməsi üçün zəruri mexanizmlər işlənib hazırlanır. Eyni zamanda bilik tutumlu sahələrin və innovativ iqtisadiyyatın inkişafı üçün əlverişli mühit yaradılır. Bundan da təbii ki, yeni texnologiya sahəsində çevik olan gənc sahibkarlar daha çox faydalanır.
Biz də yüksək texnologiyalar sahəsi üzrə aparılan elmi tədqiqatların nəticələrinin real iqtisadiyyata yol tapması və innovasiya fəaliyyətinə investisiya qoyuluşunun artırılması üçün səy göstəririk. Bu məqsədlə elmi tədqiqatların və innovasiya layihələrinin maliyyələşdirilməsinə dövlət resursları ilə yanaşı, digər mənbələrin də cəlb olunması stimullaşdırılır.
Təcrübədən çıxış edərək deyə bilərəm ki, uğurlu nəticə əldə etmək üçün rəqabət qabiliyyətinin artırılması, biznes mühitinin yaxşılaşdırılması və İKT layihələrinin maliyyə resurslarına çıxışının təmin edilməsi vacib amillərdir. Qeyd olunan məqamları nəzərə alaraq, nazirliyin tabeliyində yaradılan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu vasitəsilə zəruri işlər aparılır.
Bu gün Fond innovativ bizneslə məşğul olan gənc sahibkarların öz ideyalarını reallaşdırması üçün etibarlı məkana çevrilib. Fond tərəfindən keçirilən qrant müsabiqələrinə təqdim edilən 461 layihədən 62-si uğur qazanıb və maliyyələşdirilib. Həmçinin, Fondun resursları əsasında müvəkkil banklar tərəfindən sahibkarlara güzəştli kreditlər də verilir.
Eyni zamanda, Yüksək Texnologiyalar Parkındakı Biznes İnkubator Mərkəzində yaradılan əlverişli şərait qabaqcıl təşəbbüslərin reallaşmasında böyük rol oynayır.
Startapların inkişafı üçün nəzərdə tutulan həmin inkubasiya mərkəzlərinin nailiyyətlərindən razısınızmı?
Əldə olunan nəticələrə qane olmaq inkişafın sonu deməkdir. Məncə, biz araşdırmalarımızı və yeni tətbiqləri daim inkişaf etdirməliyik. Yəqin mənimlə razılaşarsınız ki, gələcəyi yüksək texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Biz də öz ölkəmizi bu sahədə lider dövlətlər sırasında görmək istəyirik. Hər bir addımımız buna hesablanmalıdır.
Dünya praktikasında startapların inkişafında inkubatorların rolu danılmazdır. Biznes inkubatorların inkişafı istiqamətində aparılan işlər biliktutumlu iqtisadiyyatın formalaşmasına ciddi dəstəkdir və ölkənin innovativ ekosisteminin qurulmasına kömək edir.
Beynəlxalq təcrübəyə əsaslanaraq, İKT sənayesinin inkişaf etdirilməsi məqsədilə ilk inkubasiya mərkəzi nazirliyin Yüksək Texnologiyalar Parkında yaradılıb. "Pi campus" adlandırılan bu Biznes İnkubasiya Mərkəzində yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə və innovativ təşəbbüslərə dəstək üçün bütün şərait yaradılıb. Mərkəzin xidmətləri sayəsində bir sıra startap layihələri real biznesə çevrilib. İnkubasiya mərkəzində çox maraqlı və perspektivli layihələr inkişaf etdirilir və burada siz sanki gələcək texnologiyalar mühitinə düşürsünüz.
Birinci Avropa Oyunlarından sonra, bu yay Bakıda "Formula-1" Avropa Gran-pri yarışması olacaq. Bu cür layihələrin böyük bir hissəsi kommutasiya ilə bağlıdır və təcrübədən çıxış edərək, "Formula-1" yarışı ilə bağlı hansı işlər aparılır?
Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkə kimi pozitiv imicə malikdir və ölkəmiz bu sahədə öz standartlarını formalaşdırıb. Hər yeni tədbiri bu standartda təşkil etməklə yanaşı, onu əvvəlkindən daha uğurla həyata keçirmək üçün yeni yanaşmaya ehtiyac olur.
Birinci Avropa Oyunları, "Eurovision" Mahnı Müsabiqəsi və bu kimi beynəlxalq tədbirlər ölkəmiz üçün uğurlu bir təcrübədir. Biz bu təcrübədən "Formula-1" Avropa Gran-pri yarışlarında faydalanacağıq. Bununla belə, çalışacağıq ki, daha keyfiyyətli xidmətlər göstərilsin. Bildiyiniz kimi, bu cür yarışlarda telekommunikasiya sahəsində xidmətlərin təşkili üzrə böyükhəcmli işlər görülür. Söhbət yarışların telekommunikasiya xidmətləri ilə hansı səviyyədə təmin edilməsindən gedirsə, deməliyəm ki, bunun üçün yaradılan işçi qrupu bütün texniki imkanlardan yararlanaraq dayanıqlı sistem qurulması üçün çalışır.
Lazımi məlumatların fasiləsiz ötürülməsi üçün dayanıqlı mobil rabitə sistemi qurulacaq, yüksəksürətli və davamlı internet xidmətləri təşkil ediləcək. Eyni zamanda, oyunların dünyaya yayımı üçün bütün müasir resurslardan, o cümlədən "Azerspace-1" peykinin imkanlarından istifadə ediləcək. Yarışların yayımının yüksək keyfiyyət standartlarına uyğun aparılması üçün xüsusi radiotezliklər ayrılacaq.
İndi yeni medianın auditoriyası ənənəvi mediadan daha genişdir və onlayn izləməyə tələbat böyükdür. Bunu nəzərə alaraq, yarışların internet üzərindən də yüksək keyfiyyətli yayımı nəzərdə tutulur. İnanırıq ki, telekommunikasiya xidmətlərinin keyfiyyətindən çoxsaylı yarış iştirakçıları, təşkilatçılar və turistlər məmnun qalacaqlar.
Ölkə inkişaf etdikcə İKT sahəsindən gözləntiləriniz nələrdir?
Dünyada yaşanan qlobal iqtisadi dəyişikliklər, təbii ki, ölkəmizdən də yan keçmir. Bu gün bir çox ölkələr öz iqtisadi siyasətinə yenidən baxaraq, qeyr-neft sektorunun inkişafına çalışırlar. Azərbaycan isə bu prosesi neçə illər bundan öncə başlayıb və sizin də qeyd etdiyiniz kimi, ölkə başçısı müasir dünyanın ən perspektivli sahəsi hesab olunan kommunikasiya və yüksək texnologiyalar sektorunu prioritet elan edib.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da İKT sahəsi üzrə gələcək hədəflər müəyyənləşdirilib və bu sektorun ölkə iqtisadiyyatında əhəmiyyətli rolu qeyd olunub. Hazırda Milli Strategiyaya uyğun olaraq, ölkədə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı kompleks işlər aparılır. Kosmik xidmətlərin əhatə dairəsi genişlənir. Elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.
Ən son texnoloji trendlərə uyğun müasir telekommunikasiya infrastrukturunun qurulması üçün reallaşdırdığımız layihələr hər bir istifadəçinin təklif olunan xidmətlərdən yüksək səviyyədə yararlanmasını təmin edəcək. Biz arzu edirik ki, yeni texnologiyalar təkcə Azərbaycanda deyil, dünyanın hər yerində sülhə, insanların rifahına xidmət etsin.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL