Koreya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın ilk iclası keçirilib
Seulda Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib.
İclasda hər iki tərəfdən müxtəlif nazirliklərin, təşkilatların və qurumların nümayəndələri iştirak edib.
Komissiyanın həmsədri, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər müxtəlif sahələrdə həyata keçirilən işlər nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyini, dünyada nüfuzunun xeyli artdığını diqqətə çatdırıb.
İclasda iki ölkə arasında iqtisadi, mədəni, elmi-texniki və humanitar sahələrdə geniş əlaqələrin mövcud olduğu, ölkələrimizin bir sıra beynəlxalq təşkilatlar, xüsusən BMT çərçivəsində də fəal əməkdaşlıq etdiyi bildirilib.
Komissiyanın iclasında o da vurğulanıb ki, ticari-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi və hər iki ölkənin ixracyönümlü məhsullarının qarşılıqlı olaraq digər ölkə bazarında satışı üçün səylərin artırılması vacibdir.
Komissiyanın Koreya tərəfdən həmsədri, ticarət, sənaye və enerji nazirinin müavini Vu Tehee, öz növbəsində, ölkəsinin Azərbaycan ilə əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini, bu istiqamətdə birgə komissiyanın işinin səmərəli olacağına inandığını deyib.
Vu Tehee Azərbaycan iqtisadiyyatının inkişafını diqqətlə izlədiklərini, ölkədə xarici şirkətlər, o cümlədən Koreya şirkətlərinin fəaliyyəti üçün yaradılmış əlverişli biznes və sərmayə mühitini yüksək qiymətləndirdiklərini bildirib.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının protokolu imzalanıb.
Ölkəmizin Koreya Respublikasındakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə keçirilən görüşdə komissiya üzvləri tələbələrin təhsili, onların qarşılaşdıqları çətinliklər və həlli vacib problemlərlə maraqlanıblar.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL