waplog

Azərbaycanda zəlzələ barədə əvvəlcədən xəbər verən sistem hazırlanıb


Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun İntellektual Monitorinq və Proqnozlaşdırma Sistemi gələcəkdə zəlzələ ocaqlarını və koordinatlarını əvvəlcədən aşkar etməyə imkan verəcək.

Bu barədə İnstitutun direktoru Telman Əliyev Bakıda keçirilən "Müasir informasiya-komunikasiya texnologiyalarının inkişaf perspektivləri" mövzusunda beynəlxalq elmi-texniki konfransda məlumat verib.

Onun sözlərinə görə, səs və küy təhlilinə əsaslanan sistem 300-400 kilometr radiusda zəlzələni 5-20 saat əvvəlcədən xəbər verməyə imkan verir. "Hazırda ölkədə 4 belə stansiya işləyir. Onlar Qumadası, Siyəzən, Şirvan və Naftalanda yerləşdirilib.

İnformasiyanın daxil olduğu baş server Kibernetika İnstitutunda, digər iki server isə Fövqəladə Hallar və Rabitə və İnformasiya Texnologiyları Nazirliyindədir.

Bu dörd stansiyadan istifadə etməklə Azərbaycan öz seysmik təhlükəsizliyini təmin edəcək, çünki zəlzələnin nəinki vaxtı, həm də koordinatlarının təyin olunması mümkün görünür", - T.Əliyev deyib.

Onun sözlərinə görə, gələcəkdə zəlzələnin gücünü qiymətləndirmək də mümkün olacaq. Hazırda bu istiqamətdə işlər aparılır və müəyyən müsbət nəticələr var.

İnstitut "Seysmik təhlükəsizliyin monitorinq sistemi" adlı sənəd hazırlayıb və yaxın vaxtlarda hökumətə təqdim edəcək.

Əliyev deyib ki, Azərbaycanda hər ay 2-3 bal gücündə bir neçə dəfə zəlzələ qeydə alınır. Seysmik hadisələrin təhlili üçün ARDNŞ-nin fəaliyyətsiz neft quyularından istifadə olunur.

Belə ki, həmin quyularda quraşdırılmış qəbuledici-göstəricilər birbaşa İnstitutdakı serverə bağlıdır ki, bu da real vaxt rejimində küləyin sürəti, təzyiq, temperatur və s. haqqında informasiya əldə etməyə imkan verir.

Bu informasiya siqnallar şəklində radiokanallarla idarəetmə mərkəzinə ötürülür. Hər siqnalın öz xüsusi müdaxilələri olur və bunlar anomal hadisələri proqnozlaşdırmağa imkan verir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL